Oct 05 2017 18:30
Views: 1680

Azərbaycan Dünya Boks Şurasına üzv qəbul olunub. Şuranın prezidenti Maurusio Süleyman jurnalistlərlə keçirilən görüşdə bu barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan qurumun 166-cı üzv ölkəsi olub.
“Qurumun üzvü olan bir çox insan, çempionlar, boks aləminin ulduzları, bilicilər Azərbaycana gələrək ciddi  fikir mübadiləsi apardılar. Hakimlər və münsiflər üçün iclaslar keçirildi. Tibbi və Hüquq Komitələri bir sıra mövzuları müzakirə etdi. Həmçinin, təhlükəsizliyik məsələləri ilə bağlı danışdıq və 2018-ci il üçün tədbirlər planı təsdiq olundu. Konvensiya haqqında xeyli xoş söz demək olar. Gözləmədiyimiz qonaqpərvərliklə qarşılandıq. Burada keçirdiyimiz bir neçə gün həm də unudulmaz anlarla yadda qalacaq, ürəyimizdə Azərbaycanın  xüsusi yeri olacaq”.
Maurisio Süleyman bildirdi ki, Azərbaycanda peşəkar idmançılar yetişdirilməsi istiqamətində böyük işlər görüləcək. Onun fikrincə, Azərbaycan idmançıları güclü potensiala malikdirlər:
“Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Çünki ölkə başçısının göstərişi ilə Gənclər və İdman Nazirliyi buna dəstək olacaq. Hər birimiz Azərbaycanı buranın səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölkələrdə Azərbaycanı tanıdacağıq və təbliğ edəcəyik”.
Dünya Boks Şurası sədrinin sözlərinə görə, WBC versiyası üzrə döyüşlərdən biri Bakıda keçiriləcək. O, bunun yaxın gələcəkdə baş tutacağına söz verdi. Maurisio Süleymanın sözlərinə görə, konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın qurumu üzv qəbul edilməsi bir başlanğıcdır. Xatırladaq ki, oktyabrın 2-dən Bakıda 164 üzv ölkənin iştirakı ilə Dünya Boks Şurasının 55-ci Dünya Konvensiyası keçirilir. Konvensiyaya federasiya rəhbərləri, idman menecerləri, keçmiş və indiki çempionlar, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonaq qatılıb.


Create Account



Log In Your Account