Aug 02 2019 14:49
Views: 496

Bu gün Azərbaycan Kinosu Günüdür. Milli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu günün tarixi 19-cu əsrin sonlarına gedib çıxır. Belə ki, Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır. Bundan sonra Azərbaycan kinosu uzun yol keçib. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə indiki Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası - Azərbaycan Foto-Kino İdarəsi yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Azərbaycan kinosu bir növ intibah dövrünü yaşayıb.

Müstəqilliyin ilk illərində ölkədəki gərgin vəziyyət kinodan da yan keçmədi. Bir neçə il Azərbaycanda kino sənayesi tənəzzülə uğrasa da, artıq dünya səviyyəsində mükafatlara layiq görülən milli filmlərimiz var. onlardan biri rejissor Şamil Əliyevin “Çölçü” filmidir.

Kino sənayesinin inkişafında dövlət dəstəyinin də böyük rolu var. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 Azərbaycan filmi 48 ölkədə keçirilən 128 festivalda iştirak edib, 49 mükafat qazanıb.


Create Account



Log In Your Account