Aug 02 2018 17:35
Views: 550

Azərbaycan kinosunun xəzinəsi... Dövlət Film Fondunu belə də adlandırmaq olar. Fondda milli kinonun 120 illik tarixini əks etdirən minlərlə eksponat, filmlərin nadir nüsxələri, eləcə də filmlərdə istifadə olunan əşyalar qorunub saxlanır. Bu eksponatların zamanla korlanıb sıradan çıxmaması üçün fondda xüsusi şərait yaradılıb.

Canlı tarixlə ünsiyyət imkanı qazandıran bu məkan kino sənətimizi qoruyur və yaşadır. Dövlət Film Fondu kino tariximizin incilərini – nadir ekran əsərləri və maraqlı eksponatları, minlərlə əhvalatı, taleyi özündə birləşdirir.

1994-cü ildən fəaliyyət göstərən fondda bugünədək 64 mindən çox saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd və eksponat, 50-yə yaxın nadir kinoçəkiliş texnikası saxlanılır. Binanın foyesində yaradılmış ekspozisiyada nümayiş etdirilən nümunələri fond əməkdaşları bərpa ediblər. Milli kinomuzun yadigarlarının qorunduğu muzey isə keçmişə səyahət imkanı deməkdir.

Burada tanınmış şəxslərin şəxsi arxivi, bəzi rejissorların şəxsi əşyaları, müxtəlif illərdə çəkilən filmlərimizdən olan eksponatlar, rekvizitlər, geyimlər və digər materiallar mühafizə olunur. Film Fonduna məxsus arxiv materialları toza və rütubətə qarşı rəflərdə qorunur. Eyni zamanda, içərinin ventilyasiya və havanladırma sistemi xüsusi qaydada tənzimlənir.

Bu boksda ultrabənövşəyi şüalara qarşı qoruyucu vasitələr də qoyulub. Hazırda fonda 11 min 100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Milli kino tariximizin müxtəlif mərhələlərinə aid kinolentlərin qorunması, bərpası və mühafizəsində, arxiv materiallarının toplanmasında Dövlət Film Fondunun əvəzsiz xidməti var.
Köhnə kinolentlərdə olan texniki qüsurlar aşkarlanaraq xüsusi vəsitələrlə təmizlənir və bərpa olunur. Azərbaycan Dövlət Film Fondu elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Burada Azərbaycanın kino tarixi ilə bağlı müxtəlif çap məhsulları hazırlanır.

Dövlət Film Fondunun aparıcı mütəxəssis Şəhla Əmirli bildirir ki, Azərbaycanda çəkilən filmlər mütəmadi olaraq Film Fonduna daxil olur və komissiya üzvlərinin iştirakı ilə rəsmiləşdirilmiş şəkildə qəbul olunur. Texniki məsələlər, yaradıcı heyətə kimi hər şey dəqiqliklə hesablanır və hər il oxuculara kinobülleten təqdim edilir. Bu bülletendə ölkədə çəkilən seriallar, kommersiya xarakterli və dövlət sifarişi ilə çəkilən, tammetrajlı, qısa metrajlı bütün filmlər haqqında məlumat öz əksini tapır.


Dövlət Film Fondu bu il “Azərbaycan kino salnaməsi”ni çap etməyə hazırlaşır. Azərbaycan kinosunun 120 illiyinə töhfə olacaq bu nəşrin müəllifi Aydın Kazımzadədir. Burada çalışan əməkdaşların səyi nəticəsində Azərbaycan kinosunun tarixinə dair maraqlı faktlar aşkar olunub. Məsələn, sübut olunub ki, Azərbaycan aktyorları xarici filmlərdə 1938-ci ildən çəkilməyə başlayıblar. Bundan başqa, Fondun əməkdaşlarının axtarışları nəticəsində Rusiya, Kanada, Gürcüstan və başqa ölkələrdən görkəmli musiqiçilər Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev və M.Maqomayevin fotosənədlərinin neqativləri əldə edilərək buraya gətirilib. Axtarışlar, tədqiqatlar bu gün də davam edir. Dövlət Film Fondu hər gün yeni eksponatlarla zənginləşir.


Create Account



Log In Your Account