Sep 10 2018 14:42
Views: 479

Nəhayət Şəhrisəbz beynəlxalq muğam forumunda tamaşaçıların səbirsiziklə gözlədiyi an gəldi. Azərbaycan təmsilçiləri, Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” ansamblı səhnədədir. 
Azərbaycan xanəndələri Nigar Şabanova və Abgül Mirzəliyevin ifaları ilk dəqiqələrdən alqışlarla müşaiyət olundu. Azərbaycan muğamı Özbəkistan sakinləri ilə yanaşı beynəlxalq forumda iştirak edən ayrı-ayrı ölkələrin təmsilçilərinin,  musiqişünas alimlərin də qəlbini fəth etdi. “Muğam” ansamblı sözün əsl mənasında auditoriyanı coşdurmağı bacardı.
Muğam instrumental ansamblının yaradıcısı Sahib Paşazadə Özbəkistan tamaşaçısına yaxşı tanışdır. Çünki ötən il Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq müsabiqəsində ilk dəfə olaraq instrumental ifaçı kimi Qran pri mükafatını qazanıb. Indi isə özü səhnəyə çıxamasa da, ansamblı qələbəyə iddialıdır.
Azərbaycan təmsilçilərinin ifası ölkəmizin müsabiqədə favorit hesab edilməsinin təsadüf olmadığını sübut etdi. Hər iki xanəndə 70-ə yaxın ölkənin iştirak etdiyi forumda Azərbaycanı təmsil etməyin məsuliyyətli olduğunu deyir.
Özbəkistan tamaşaçılarının isti münasibəti, Azərbaycan musiqisinə olan rəğbət həm səhnədə, həm də səhnənin arxasında hiss olunurdu. Azərbaycanlı ifaçılar yerli kütləvi informasiya vasitələrinin diqqət mərkəzində idi.
Beləliklə, Şəhrisəbz beynəlxalq muğam forumunda müsabiqə iştirakçıları öz çıxışlarını başa vurdu. 30 ölkənin təmsilçisi 3 gün ərzində bu ecazkar musiqini müxtəlif formada təqdim etdi. Indi qərar münsiflərindir. 9 ölkədən muğam mütəxəssislərinin daxil olduğu beynəlxalq münsiflər heyəti ifaları qiymətləndirərək qaliblərin adlarını açıqlayacaq. Əsas mükafat qran pridir. İlk üç yerdən başqa bir neçə xüsusi nominasiyada mükafatlar da nəzərdə tutulur.


Create Account



Log In Your Account