Oct 10 2018 15:02
Views: 308

Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və məntiqsiz fikirlər səsləndirib. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov təcavüzkar dövlətin nümayəndəsinə tutarlı cavab verib. O bildirib ki, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycanlı və erməni icmaları yaşayıblar. 
Oqtay Əsədov qeyd edib ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqa ziddir.
“Türkiyəni daim qondarma “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bu məsələyə münasibət bildirib. Qeyd edib ki, dünyada sülhə və sabitliyə dəyər verən bu toplantıda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil.
“Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs etdi. Ermənistan bu mövqeyi ilə əslində özü-özünü təcrid vəziyyətinə salıb”.
Binəli Yıldırm bildirib ki, Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa mövcud problemlər aradan qalxa bilər.


Create Account



Log In Your Account