Nov 06 2019 19:00
Views: 731

Bu gün Azərbaycan radiosunun yaranma günüdür. 93 il əvvəl -1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi eşidilib. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatı üçün böyük bir yenilik idi. 
Azərbaycanın ən yaşlı radiosu - Azərbaycan radosu dinləyicilərinə gün boyunca müxtəlif formatlı, fərqli zövqlərə uyğun proqramları təqdim edir. Hər səhər saatlarında radiodan aparıcı Günay Tehranqızı dinləyiciləri salamlayır. O,  “Gəl, səhərim” musiqili əyləncəli proqramını eşidən hər kəsi pozitiv enerji ilə yükləmək istəyir. 
Günay Tehranqızı hesab edir ki, radio aparıcısı olmaq çox məsuliyyətlidir. Çox həssas qurğu olan mikrofon aparıcının azacıq da gərginliyini dərha dinləyiciyə ötürür. Ona görə də aparıcılar şəxsi əhvalından asılı olmayaraq, mikrofon qarşısına müsbət enerji ilə çıxmalıdır. Bunun üçünsə yüksək peşəkarlıq tələb olunur ki, bu işdə yaşlı və təcrübəli aparıcılar onlara kömək etməyə hər an hazırdırlar. 
Onlardan biri də 43 ildir Azərbaycan Televiziya və Radio Şirkətində işləyən İradə Ağayevadır. 
Azərbaycan radiosunun korifeyi, uzun illər səsi hər ailədə sevilə sevilə dinlənilən Eldost Bayramov da gənclərə dəstəyini əsirgəmir. Azərbaycan Televiziya və Radiosu rəhbərliyinin təşəbbüsü ilə bu ildən fəaliyyətini bərpa edən Teleradio Akademiyasında dərs deyir. 
Eldost Bayramov  1972-ci ildən Azərbaycan radiosunda işləyir. İlk illər təcrübəçi diktor kimi işə qəbul olunub. Aydın Qaradağlı, Ramiz Mustafayev, Fatma Cabbarova,  Züleyxa Hacıyeva, Əli Məhəmmədoğlu kimi korifeylərlə çalışıb. 
Bu gün özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi fonunda Azərbaycan Radiosu ədəbi dilimizin qorunmasına və saflığına xidmət edib. son dövrlər Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklər həyata keçirilib. Və bu gün Azərbaycan Radiosu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Yeni üslub, dinamika və modernləşmə özünü bütün efir vaxtında hiss etdirir. 

 


Create Account



Log In Your Account