Mar 15 2019 18:45
Views: 250

“Şimal-Cənub Nəqliyyat Dəhlizinə daxil olan Yalamadan Astaraya qədər olan dəmir yolunun yenidənqurulması işləri həyata keçirilir”. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və İran Hökumətlərarası Komissiyanın 13-cü iclasında müzakirə olunan məsələləri şərh edərkən bildirib. Onun sözlərinə görə, İran artıq 168 kmlik Rəşt-Qəzvin birxətli dəmiryolunun açılışını edib. Azərbaycan tərəfi isə Bakıdan Yalamaya qədər dəmiryolunun çəkilişi üçün Asiya Bankının ayırdığı 400 milyon manat vəsaitlə tender elan edib və qalib bu gün məlum olacaq.  QSC sədri bildirib ki, bundan başqa, Bakı-Astara dəmir yolunun bir hissəsinin yeri dəyişdiriləcək. Belə ki, Salyan rayonundakı sonrakı hissəsinin dəniz kənarından kənarlaşdırılması üçün layihələndirmə aparılır və bunun üçün torpaqların alınması prosesi ilin sonuna yekunlaşdırılacaq.

Bakıda keçirilən Azərbaycan-İran Hökumətlərarası Komissiyanın sayca 13-cü iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib  ki, 2018-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsində 74%, rəqəmlə 446 milyon dollar həcmində artım qeydə alınıb. İki ölkə arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyən nazir bildirib ki, iclasda nəliyyat, neft-qaz, transit, energetika, turizm, təhsil, səhiyyə sahəsində strateji protokol sənədləri imzalanacaq. Azərbaycanla İran arasında əlaqələrin dinamik inkişaf etdiyini deyən Şahin Mustafayev iclas çərçivəsində imzalanan anlaşma memarandumunda sərmayələr sahəsində mühüm razılaşmalar əldə olunduğunu bildirib.

Anlaşma memarandumunun imzalanmasından sonra “Azərmaş” ASC ilə İranın iki şirkəti arasında razılaşma sənədi imzalanıb. Beləliklə də, Hacıqabul Sənaye Məhəlləsində inşa ediləcək avtobus istehsalı zavodununda “Azərmaş”ın payı 25%, Neftçalada avtombil zavodunda ehtiyat hissələri layihəsində payı isə 50% müəyyən olunub. Avtobus zavodunun tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. İlkin olaraq həm maye qaz, həm də dizel yanacağı ilə işləyəcək 500 avtobusun istehsalı nəzərdə tutulub. Gələcəkdə qonşu dövlətlərə də ixrac  planlaşdırılır.

Anlaşma memarandumunda əldə olunan mühüm razılaşmalardan biri Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrindəki problemlərin həllinə yardım edəcək. Bunu isə İranın iqtisadi  işlər və maliyyə naziri Fərhad Dejpəsənd bildirib. Bundan sonra Bakıdan Naxçıvana gedən avtobusların yük yerləri həm Astarada, həm də Culfada bloklanacaq ki,  bunla da vətəndaşlarımız muxtar respublikaya daha rahat gedib-qayıdacaqlar. Bundan başqa İran tərəfi Azərbaycana məxsus yük daşıyıcılarına tətbiq etdiyi zəmanət haqlarının məbləğin azaldacaq.  İki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinin regionun inkişafına da müsbət təsir göstərəcəyini deyən nazir qeyd edib ki, memarandumun icrası ilə məşğul olacaq xüsusi komissiya yaradılacaq. Azərbaycanlı iş adamlarını İrana investisiya yatırmağa dəvət edən nazir prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafının müzakirə olunduğunu bildirib.

Qeyd olunub ki, son 5 ildə İran və Azərbaycan prezidentləri arasında keçirilən 12 ali səviyyəli görüş zamanı qəbul edilmiş mühüm qərarlar, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilmiş 100-dən çox qarşılıqlı səfərlər olub. 24 Azərbaycan-İran biznes forumu keçirilib. Ötən dövrdə iki ölkə arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb.  Sözügedən dövrdə İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd. $-dan artıq sərmayə yatırılıb.    


Create Account



Log In Your Account