Feb 14 2019 16:45
Views: 498

Bu gün Azərbaycanda televiziya günü kimi qeyd olunur. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda görkəmli sənətkar Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi də nümayiş etdirilib. Bu tarixi anlarda kamera arxasında mühəndis Sərvər Quliyev və Pircan Cəbiyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov dayanıb. Və həmin tarixi günün unudulmaz, qəribə hadisələrindən biri də  bu olub ki, 180 metrlik teleqüllənin inşası başa çatmadığı üçün studiya antennası 44 metrlik adi neft buruğunda quraşdırılıb. İlk vaxtlar televiziya yayımı yalnız Bakı və Sumqayıtı əhatə edib. Daha sonra isə bütün Azərbaycan ərazisini. Azərbaycan televiziyasında yeni proqramlar hazırlanmağa başlayıb, yeni diktorlar cəlb olunub.

İlk vaxtlar verilişlər xəbər buraxılışlarından ibarət olub. Sonra isə ölkənin həyatı barədə proqramlar yaranıb. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. Elə həmin il yeni telestansiyanın istifadəyə verilməsindən sonra ilk dəfə Respublika Stadionundan futbol oyunu birbaşa translyasiya edilib.

2004-cü ildən Azərbaycan televiziyası Avropada yayımlanır, 2007-ci ildə “Avropa keyfiyyəti”  medalına layiq görülüb. 2013-cü ildən “Azərspace”in orbitə buraxılmasından sonra  Azərbaycan televiziyaları milli peykimiz  vasitəsilə də yayımlanır. Bu gün ölkədə 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet televiziyası yayımlanır. 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.

2013-cü ildən Azərbaycanda öz tamaşaçılarına ölkənin həyatı, tarixi, mədəniyyəti barədə obyektiv xəbərləri 4 dildə çatdıran CBC televiziyası fəaliyyətə başlayıb. Azərbaycanın ilk beynəlxlalq telekanalı olan  CBC Rusiyanın Avropa hissəsindən başlayaraq  Hindistan yarımadasına, Balkan yarımadasından Çinə qədər böyük bir coğrafiyada yayımlanır. Televiziyanın əsas missiyası Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələrini, ölkənin müasir inkişaf səviyyəsi barədə faktları daha geniş auditoriyaya çatdırmaqdır.

 

 

 

 


Create Account



Log In Your Account