Aug 21 2019 18:32
Views: 287

Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizəni dəstəkləyir və terrorun bütün forma və təzahürlərini qınayır. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Tvitter” hesabında BMT-nin Terrorizm Qurbanlarının Xatirəsini Anma Günü münasibətilə açıqlamasında belə deyilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə öz “Tvitter” hesabında erməni terroruna diqqət çəkib. O, Ermənistanın xüsusi xidmət orqanları və terror təşkilatlarının Azərbaycanda həyata keçirdiyi qanlı cinayətlərin bir neçəsini xatırladıb. Günahsız azərbaycanlılar hələ Sovet dövründən erməni terrorunun qurbanı olub. 1984-cü ildə erməni terrorçusu Vartanov Bakıda 106 saylı marşrut avtobusunu partladıb, nəticədə 1 qadın həlak olub və 3 nəfər yaralanmışdı. Bundan sonrakı illlərdə yüzlərlə insan metro, avtobus və digər mülki və dövlət obyektlərində erməni terrorunun qurbanına çevrilib. Ümumilikdə, Ermənistan müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirib, nəticədə 2000-dən artıq soydaşımız həyatını itirib.

 

BMT-nin 2017-ci ildə təsis etdiyi Terrorizm Qurbanlarının Xatirəsini Anma Gününün məqsədi terror nəticəsində həlak olanların xatirəsini yad etmək, eyni zamanda xilas olan insanlara dəstək verməkdir. BMT-nin baş katibinin bu gün münasibətilə müraciətində deyilir ki, hazırda bir çox ölkələr terror aktlarına məruz qalır, lakin qurbanların sayı əsasən bir neçə ölkədə cəmləşib. İnkişaf etmiş dövlətlər də bu qlobal bəla ilə mübarizə üçün yetərincə səy göstərmirlər.

 

Qeyd edək ki, BMT-nin Baş Assambleyası iki ildə bir dəfə Qlobal Antiterror Strategiyasının icmalını təqdim edir və terrorizmə qarşı mübarizə istiqamətlərini müəyyən edir. Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindəndir. Təsadüfi deyil ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmlə mübarizə olub. 

 


Create Account



Log In Your Account