Jan 21 2021 18:55
Views: 240

İndiyədək Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Bundan sonra bu yataq “Dostluq” adlandırılacaq. Yatağı SSRİ dövründə azərbaycan neftçiləri 4 kilometr dərinliyindəki layda kəşf ediblər və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağını Azərbaycan neftçiləri kəşf etsə də, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Mütəxəssislər hesab edirlər ki, memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşına bilər. Bu da layihəyə əlavə üstünlük qazandırır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin nümunəsi hesab olunur. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.


Create Account



Log In Your Account