Jun 13 2018 22:24
Views: 132

Azərbaycan qazının Türkiyəyə, oradan da Avropaya nəqli məqsədilə inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin reallaşdırılması təkcə iki ölkə üçün deyil, eləcə də Avropa üçün XXI əsrin ən əsas hadisələrindən biri hesab edilir. Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində belə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır. Bu, əməkdaşlıq, sabitlik layihəsidir.
TANAP-ın baş direktoru Saltuk Düzyolun fikrincə, bu layihənin Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq. O bildirib ki, TANAP-ın təməlqoyma mərasimindən keçən 3 il müddətində çox böyük işlər görülüb. Kəmərin 56 düymlük 1340 km uzunluğundakı hissəsi tamamlanıb və Türkiyəyə TANAP-la qaz verilişinə başlanılıb.
TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirən Trans-Adriatik Boru Kəmərinə - TAP-a birləşdiriləcək. 2020-ci ildə TAP vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çıxarılacaq. Ekspertlərin fikrincə, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ölkəmizin dünya miqyasında geosiyasi mövqeyini daha da möhkəmləndirəcək.
İqtisadi ekspert Elşad Məmmədov hesab edir ki, Avropa ölkələrinin “mavi yanacağa” olan tələbatının artması, yeni qaz təchizatı mənbələri tapmaq və diversifikasiya etmək zərurətini yaradır. Bu nöqteyi “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır.
SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov CBC telekanalına müsahibəsində bildirib ki, TANAP-ın işə başlaması Azərbaycanın dövlət və özəl şirkətləri qarşısında iqtisadi əməkdaşlıqlar üçün yeni perspektivlər açır.  
Qeyd edək ki, TANAP-ın ümumi uzunluğu 1850 kilometr təşkil edir. Layihənin dəyəri 9,2 milyard dollar məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetrdir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək. “Cənub Qaz Dəhlizi” layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.


Create Account



Log In Your Account