Jan 10 2019 18:51
Views: 708

Azərbaycan vətəndaşları hər gün müxtəlif ölkələrə işgüzar və ya turist səfərləri edirlər. Təbii ki, vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Bu səbəbdən də turistlər əsasən viza tələb olunmayan ölkələrə gedirlər. “Henley & Partners” şirkətinin hazırladığı “Pasportlar indeksi”nə görə, 2019-cu ildə Azərbaycan vətəndaşları vizasız rejimdə 66 ölkəyə səfər edə bilərlər. Ötən il bu rəqəm 63 olub. Turizm üzrə ekspertlər deyirlər ki, hər il təxminən 4 milyon Azərbaycan vətəndaşı xarici ölkəyə səfər edir.

Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi Avropa ölkələri həmçinin turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Bu ölkələr arasında ən çox tələbat isə Monteneqroyadır. Bunu nəzərə alan turizm şirkətləri həmin ölkəyə müxtəlif turpaketlər də təqdim edirlər.

“Pasportlar indeksi”nin yeni reytinqində Azərbaycan pasportunun mövqeləri möhkəmlənib. Son üç ayda İndeksdə bir pillə yuxarı qalxan Azərbaycan hazırda 104 ölkə arasında 74-cü yeri tutur. Turizm ekspertləri bunu müsbət hal kimi qiymətləndirirlər. Hesab edirlər ki, Azərbaycanın dünya reytinq siyahısında bir pillə yüksəlməsi xarici ölkələrə səfər edən vətəndaşların sayını artıracaq. Bu isə həm dövlətlərarası əlaqələrin daha geniş qurulmasına, həm də iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olacaq.

Bütün ölkələrin viza rejimi qaydalarını öyrənən “Pasportlar indeksi”nin yeni reytinq cədvəlinə Yaponiya başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 190 ölkəyə səfər edə bilər. Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Gürcüstan 51-ci, Türkiyə 52-ci yerdədir. İndeksdə sonuncu yerləri İraq və Əfqanıstan tutur. Bu dövlətlərin vətəndaşları cəmi 30 ölkəyə vizasız səfər edə bilərlər.


Create Account



Log In Your Account