May 08 2019 18:47
Views: 266

“1 yanvar 1971-ci il Sərvərə anadan əbədi yadigar ad günü  hədiyyəsi”. Bu Azərbaycan Xalça Muzeyinin Şuşa filialında  ən düşündürən və kövrəldən Qarabağ xalçasıdır. “Anadan” adlanan bu xalça bir ananın öz əlləri ilə övladına toxuduğu  və  doğum hədiyyəsi olaraq verdiyi xalçadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin əlinə keçən  xalça  Los Angelesdə hərracda erməni xalçası kimi  satışa çıxarılaraq təqdim olunub. Amma  həmyerlimiz  Birləşmiş Ştatlar vətəndaşı olan Elşad Tahirov bu xalçanı alaraq Azərbaycana geri qaytarıb. Xalça uzun illər erməni işğalçılarının əlində olmuş və vətənə qayıtmış ilk sənət nümunəsidir. İndi bu xalça Azərbaycan Xalça Muzeyinin Şuşa filialının bir rəmzinə çevrilib. Xalçalara tamaşa edənlər ilk olaraq bu əsərdən başlayır. Xalça muzeyinin Şuşa filialı 1987-ci ildən hazırda işğal altında olan Şuşa şəhərində fəaliyyət göstərib. Muzey   general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə  yerləşib. Bu muzeydə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunub. Amma Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1992-ci ildə  Şuşanın itirilməsi ilə filialın da öz fəaliyyətini dayandırmasına səbəb olub.

Aparılan təxirəsalınmaz işlər nəticəsində   80 ədədi xovlu xalça, 35 ədədi xovsuz xalça və xalça məmulatı, 29 ədədi bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı xilas olunaraq muzeyin əsas fonduna təhvil verilib. Xilas edilmiş eksponatlar arasında 19-20-ci əsrləri əhatə edən Qarabağın ənənəvi Şabalıd buta, Bəhmənli, Atlı itli, Xanlıq, Çələbi, Açma yumma çeşinlərində toxunmuş xovlu xalçalar, məişətdə istifadə olunan cecim, kilim, şəddə üsulu ilə hazırlanmış xovsuz xalçalar, bədii tikmə məmulatları, Qarabağın milli geyimləri olub.

Azərbaycan Xalça Muzeyinin  Şuşa filialının əsas fəaliyyət istiqaməti  Qarabağın unudulmaqda olan toxuculuq texnologiyasının bərpası və inkişafıdır. Hazırda Azərbaycan Xalça Muzeyinin Şuşa filialında  xalçaların bir qismi nümayiş olunur. Xalçalar vaxtaşırı fondda saxlanılan digər nüsxələrlə əvəzlənir.


Create Account



Log In Your Account