Sep 21 2019 15:58
Views: 184

Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Prezident İlham Əliyev əsrin müqaviləsinin 25 illiyi və Neftçilər günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı belə deyib. Bildirib ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir – deyən dövlət başçısı qeyd edib ki, bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür.

Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük.  “Əsrin kontraktı”nın ölkəmiz üçün çoxşaxəli faydası var – deyən dövlət başçısı bu sırada kadr hazırlığını xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi kontraktda xüsusi qeyd olunub. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.

Dövlət başçısı diqqətə çatdırıb ki, sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub, idman qurğuları inşa edilib. Azərbaycan 3 peyki olan kosmik dövlətə çevrilib. Ölkənin dövlət borcu  ümumi daxili məhsulun cəmi 19 faizinə qədər enib.

Prezident İlham Əliyev bəyan edib ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.


Create Account



Log In Your Account