Jun 18 2019 19:36
Views: 182

Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir.Azərbaycanın Xarici İşlər Nazirliyinin  Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan Müdafiə Nazirliyinin işğal altında olan Dağlıq Qarabağ regionunda 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiklərinə dair bəyanatına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.
Politoloqlar bildirirlər ki, Ermənistan xarici işlər nazirliyinin bir müddət əvvəlki “sülhə hazırlıqla” bağlı bəyanatı və ardınca  işğal olunmuş Azərbaycan torpaqlarında təlimlərin keçirilməsi rəsmi Yerevanın danışıqlar prosesinə sadiq olmadığını nümayiş etdirir. Üstəlik bunun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verməsi təsadüfi hesab olunmur.
Digər tərəfdən hərbi ekspertlər hesab edirlər ki, Ermənistanın Dağlıq Qraabağda keçirdiyi bu təlimlər Azərbaycanın bir müddət əvvəl həyata keçirdiyi təlimlərdən doğan narahatlığın nəticəsidir. Eyni zamanda ermənistanın təlimlərə cəlb olunduğunu açıqladığı texnika və şəxsi heyətlə bağlı rəqəmlər də reallıqla üst-üstə düşmür. Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, bu, ermənilərin 2016-cı ilin aprel hadisələri zamanı söylədikləri yalanların təkrarıdır və Azərbaycan silahlı qüvvələri sözügedən təlimləri nəzarətdə saxlayır.
Xatırladaq ki, Ermənistan iyunun 17-dən işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir. Təlimlər əsasən gecə vaxtı icra olunur. İyunun 20-də Azərbyacan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşü planlaşdırılır.


Create Account



Log In Your Account