Oct 05 2019 19:52
Views: 589

Vəfa Babayeva bu gün Azərbaycanda peşə bayramını qeyd edən 150 min müəllimdən biridir.  Bu il müəllimlərin yerdəyişmə imtahanında yüksək bal toplayaraq Bakının Xətai rayonundakı 261 N-li məktəb lisey kompleksində dərs deməyə başlayıb. 5-9-cu sinif şagirdlərinə riyaziyyat fənnini tədris edən müəllim bu sənətə təsadüfi gələnlərdən deyil. Hələ ibtidai sinifdə oxuyarkən müəllimlərini heyranlıqla seyr edən Vəfa Babayevanın seçimini qətiləşdirən də elə öz müəllimi olub.
Hömsöhbətim deyir ki, müəllim öncə mükəmməl bilik sahibi olmalıdır.  Eyni zamanda hər bir təhsil işçisi üçün öyrətdiklərinin geri dönüşü  önəmlidir.
İnteraktiv üsullarla dərsin üstünlüklərindən danışan müəllim deyir ki,  riyaziyyat dəqiq fənn olsa da, bəzi mövzular üçün xəyal etmək lazım gəlir. Bu üsul isə həm vaxta qənaətə,  həm də uşaqların dərsdə fəal iştirakına imkan verir. Onun fikrincə, müəllimin məsuliyyəti böyük olduğu qədər, hədəfləri də böyük olmalıdır.
Ölkədə təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri təhsilverənlərin-müəllimlərin peşəkarlıq səviyyəsi və nüfuzunun, eləcə də sosial rifahının yüksəldilməsidir.  2014-cü ildən Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirməsi prosesinə start verib. Son 5 ildə qiymətləndirilmə nəticəsində müəllimlərin əmək haqqı ümumilikdə 50 faiz artırılıb. Müəllim nüfuzunun artırılması yönümündə görülən işlərin nəticəsində cari ildə 500 baldan çox toplayan abituriyentlərin sırasında pedaqoji ixtisasları ilk seçənlərin sayı  25% olub.
1994-cü ildən 5 oktyabr tarixini  YUNESKO  Dünya Müəllimlər Günü kimi təsis edib.  Məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməkdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu gün ölkəmizdə də kütləvi şəkildə qeyd olunur.


Create Account



Log In Your Account