Apr 17 2018 16:02
Views: 415

“Biz zahirən sağlam insandan heç nə ilə fərqlənməsək də, bu, olduqca diqqət və qayğı tələb edən bir xəstəlikdir”. 33 ildir hemofiliya xəstəliyi ilə mübarizə aparan Fuad Əsgərov belə deyir. O, irsi qan xəstəliyindən əziyyət çəkir və eyni xəstəlikdən qardaşını itirib. 
Qafqazda ilk Hemofiliya mərkəzi 1973-cü ildə Azərbaycanda yaradılıb. Bu mərkəz Bakıda akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşir. Mərkəzin laboratoriyası Böyük Britaniyanın Krallıq Xəstəxanasının laboratoriyası ilə əməkdaşlıq edir. Fuad Əsgərov deyir ki, burada müxtəlif ixtisaslı həkimlər onların müayinəsi, müalicəsi, dispanserizasiyası və reabilitasiyası ilə məşğul olurlar. Həmçinin xəstələrə dövlət xətti ilə pulsuz dərman preparatları verilir. 
2017-ci ilin statistik məlumatına əsasən, Azərbaycanda 1595 hemofiliyalı xəstə dispanser qeydiyyatındadır. Onlardan 1-5 yaş arası olan 98 uşağın 54-ü ilkin profilaktikaya götürülüb. 5-15 yaş arası uşaq və yeniyetmələr isə 231 nəfərdir. Bu da ümumi xəstələrin 21 faizini təşkil edir. Bu problemdən əziyyət çəkənlərin 55 faizi – 758-i Bakı, 77-si isə Sumqayıt şəhərinin sakinidir. Ötən illərə nisbətən qeydiyyata alınan xəstələrin sayında artım müşahidə edilir ki, bu da maarifləndirmə işlərinin daha geniş aparılması ilə bağlıdır. Artıq ən ucqar bölgələrdə yaşayanların da bu xəstəlik haqqında məlumatı var.
17 aprel Dünya Hemofiliya Günüdür. Bu gün ayrı-ayrı ölkələrdə müxtəlif tədbirlərlə qeyd olunur. Dünyada hemofiliyadan 400 mindən artıq insan əziyyət çəkir. Amma dünya ölkələrinin yalnız 20 faizində hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin edilir. Azərbaycan hemofiliyalı xəstələri dövlət hesabına dərmanlarla təchiz edən ölkələrdəndir.


Create Account



Log In Your Account