Oct 11 2018 18:09
Views: 206

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir. Bu il BMT beynəlxalq qızlar gününü “qızların bacarıqlarının artırılması” devizi altında qeyd edir. Bütün dünyanın diqqəti qızların təhsilə yiyələnməsi, məşğulluğunun təmini, yeni texnologiyalarda istifadə imkanlarının yaradılmasına yönəlib. Azərbaycanda bu məsələlər dövlət siyasətinin tərkib hissəsidir. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsindən bildirirlər ki, son illərdə bu istiqamətdə görülən tədbirlər öz nəticəsini göstərir.
Azərbaycan qızların hüquqlarının təmin olunması ilə bağlı məsələni beynəlxalq arenada, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda da gündəmə gətirir. Ölkəmiz bununla bağlı təcrübəsini Asiya, Ərəb ölkələri, Türkiyə və problemin aktual olduğu digər dövlətlərlə bölüşür. Qızlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün əsas məqamlardan biri steriotiplərlə mübarizədir. Bunun üçün maarifləndirici tədbirlər həyata keçirilir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi də beynəlxalq qızlar günü münasibətilə müxtəlif layihələr həyata keçirir. Qurum selektiv abortlara qarşı mübarizəyə həsr olunan videoçarx yayımlayıb. Video-çarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyinə dair fikirlər əksini tapıb. Eyni zamanda selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlandığı vurğulanıb.


Create Account



Log In Your Account