Oct 19 2019 15:16
Views: 371

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On beş ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını qeyd edirlər. Bu tarix əlamətdar hadisəyə əsaslanır. 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilib. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərəncamla həmin tarix Energetiklər Günü kimi təsis edilib. Bu gün Nailə Qarayevanın da bayramıdır. Çünki ömrünün 31 ilini məhz bu sahəyə həsr edib. 1988-ci ildən “Şimal” yüksək təzyiqli elektrik stansiyasında çalışır.

 

Bakıda, Xəzər dənizinin sahilində yerləşən “Şimal” DRES-də 200-ə yaxın energetik çalışır. 60 hektar ərazidə iki stansiya fəaliyyət göstərir. “Şimal 1” və “Şimal 2” elektrik stansiyalarında ümumilikdə gün ərzində təxminən 14 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir. Stansiyada çalışan hər kəsin bu işdə böyük əməyi var. Neft-Kimya İnstitutunda mühəndis-energetik peşəsinə yiyələnən Nailə xanım deyir ki, dərsə axşamlar gedib. Səhərlər isə bura gələrək, həvəslə işləyib.

 

“Şimal-1” və “Şimal-2” elektrik stansiyaları paralel olaraq istismar ediləndə daha stabil və qənaətcil olur. Onların hər biri 400 meqavat qoyuluş gücünə malidkir.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti nəticəsində ölkədə energetika sahəsi inkişaf edir. Milli elektrik enerjisi sistemi, enerji istehsalı infrastrukturu yenidən qurulur,şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilir. Elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramları icra edilir. Daxili enerji tələbatının ödənilməsi ilə bərabər, Azərbaycan elektrik enerjisinin ixracına da nail olur. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyası istismara verilib. Bununla da ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb.Bu stansiyaların energetika sistemində ümumi qoyuluş gücü 7546 MVt-dır.

 

Yeni istehsal güclərinin yaradılması hesabına son on ildə elektrik enerjisinin istehsalında 18% artıma nail olunub. Cari ilin 9 ayı ərzində də elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq, 19,6 milyard kVt•st olub. 

 

Elektrik enejisinə ölkədaxili tələbatın təhlili göstərir ki, ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi və 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kVt•st həcmində olacağı proqnozlaşdırılır.


Create Account



Log In Your Account