Oct 09 2019 19:05
Views: 200

Fatimə Qasımova artıq 6 ildir ki, Azərpoçt-un mərkəzi filiallarından birində çalışır. Öz peşəsini çox sevdiyini deyir. Bildirir ki, öz işi ilə insanları sevindirdiyinə inanır.
Bağlamaların yubanmasının qarşısını almaq və prosesi sürətləndirmək üçün ölkədəki bütün poçt şöbələrində islahatlar aparılır. İnsan amili demək olar ki, minimuma endirilir. Yaxın gələcəkdə poçtlarda Fatimə kimi işçilərə demək olar ki, nadir hallarda rast gəlinəcək. Amma bu mənfi tendensiya deyil. Çünki innovativ texnologiyalar nə qədər inkişaf etsə də, peşəkar və bacarıqlı kadrlara hər zaman ehtiyac var.
Bu gün Azərbaycanda milli poçt operatoru çoxprofilli bir təşkilata çevrilib. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri fəaliyyət göstərir. Burda əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. İndi ölkədə 6-sı Bakıda, qalanları Cəlilabad,Zaqatala və Sumqayıtda olmaqla ümumilikdə 9  “Şəbəkə” fəaliyyyət göstərir. “Azərpoçt” MMC-nin 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 4 törəmə müəssisə, 1496 Poçt şöbəsi və 84 Poçt Agentliyi mövcuddur. Ölkəmizdə poçt rabitəsi hələ 16-cı əsrdə Səfəvilərin hakimiyyəti dövründə inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin əvvəllərinə təsadüf edir. 1818-ci ildə Gəncədə ilk poçt kontoru açılıb.1818-ci ilin iyunun 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra  hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılmışdı.
9 oktyabr dünyanın hər yerində Dünya Poçt Günü kimi qeyd edilir. Bu il Dünya Poçt İttifaqının yaranmasının 145 illiyi tamam olur. İttifaq 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində təsis edilib. Azərbaycan 1993-cü ildə quruma  üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Dünya Poçt Günü geniş qeyd olunur.


Create Account



Log In Your Account