Oct 16 2019 16:54
Views: 532

Bu gün dünyada 850 milyon insan aclıqla mübarizə aparır və bu rəqəm durmadan artmaqdadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun məlumatına görə, buna səbəb dünyamızda toqquşmaların, müharibələrin artması, iqlim dəyişikliyinə bağlı quraqlıq, məhsuldarlığın azalması, eləcə də iqtisadi inkişafla bağlı məsələlərdir. Qurum hesab edir ki, aclıqla mübarizə aparmaq üçün dünya dövlətləri ilk növbədə kənd təsərrüfatının inkişafına diqqət ayırmalıdır. İnsanların kifayət qədər qida qəbul edə bilməməsi məsələsində ən çox əziyyət çəkən ölkələrin sırasında  Yəmən, Suriya, Afrikanın əksər bölgələri fərqlənir. FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak bildirir ki, qida çatışmazlığını kəskinləşdirən amillərdən biri münaqişələrdir.  
Azərbaycan qida təhlüksəziliyi tam təmin olunmuş ölkələrdən sayılır.  Müstəqillikdən sonrakı 15 il ərzində bunun təmin olunması istiqamətində görülən tədbirlər öz bəhrəsini verməyə başlayıb. Ölkəmizdə son illərdə iqtisadiyyatın diversifikasiyası çərçivəsində ərzaq istehsalı diqqətdə olan sahələrdən biridir. 
Dünya Qida Gününün əsas şüarı “Sağlam qidalanma ilə sıfır aclıq” aksiyasıdır. Burada əsas hədəf ölkədə yetərli ərzaq ehtiyatlarının yaradılması deyil, insanlarda təhlükəsiz və sağlam qidalanma mədəniyyətinin yüksəldilməsidir. 
Statistikaya görə, hər 5 insan ölümündən biri məhz sağlam qidalanmama ilə əlaqəlidir. Dünyada da əsas çağırışlardan biri əhali arasında sağlam qida və düzgün qidalanma, həmçinin israf hallarının aradan qaldırılması üçün maarifləndirici tədbirlərin davamlılığını təmin etməkdir. Bu məsələlər  hər il 16 oktyabr tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun təsis olunduğu gün,  “Dünya Qida Günü”ndə yenidən gündəmə gətirilir.


Create Account



Log In Your Account