Sep 17 2019 17:50
Views: 544

1994-cü il sentyabrın 20-də milli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan “Əsrin müqaviləsi” imzalanıb. 25 illiyini qeyd etdiyimiz bu sənəd Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri olub. Saziş Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsünü nəzərdə tuturdu. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geofizika kafedrasının professoru, AKADEMİK Pərviz Məmmədov CBC-yə eksklüziv müsahibəsində həmin dövrdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsinin labüd olduğunu deyir. Çünki o illərdə  Xəzərdə neft yataqları aşkarlansa da, həmin neftin çıxarılması üçün lazım olan 7 km-lik quyuların qazılması təcrübəsi olmayıb.

Akademik qeyd edir ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana gələn xarici şirkətlər “Azəri”, “Çıraq”, “Günəşli” və digər yataqların istismarı, quyuların qazılması istiqamətində mühüm iş görüblər. Sazişin imzalanması ümumilikdə ölkədə neft sənayesinin inkişafında, ölkəyə müasir texnologiyanın gətirilməsi, bu sahədə yüksək ixtisaslı kadrların yetişməsinə də təsirini göstərib. İlk illərdə Azərbaycanlı mütəxəssislər xarici şirkətlərə təcrübə proqramları keçib, əldə etdikləri bilikləri ölkəmizdə tətbiq ediblər.

Neft və Sənaye Universitetinin professoru Pərviz Məmmədov qeyd edir ki, tarix boyunca Azərbaycanın neft sənayesindəki yüksək ixtisaslı kadrlar olub. “Əsrin müqaviləsi”nin imzalanması və işləməsi isə müasir dövrdə gənc mütəxəssislərin yetişməsinə şərait yaradıb. İndi azərbaycanlı neftçilər dünyanın hər yerində işləyir, aparıcı xarici şirkətlərdə çalışırlar. Bu prosesdə alimlərin rolu da danılmazdır.

Akademik əmindir ki, Azərbaycan elminin inkişafı gənclərlə bağlıdır. Məhz gənc alim və mütəxəssislər daha yüksək nailiyyətlər əldə edə biləcəklər.


Create Account



Log In Your Account