Jul 12 2018 14:07
Views: 222

“Dağlıq Qarabağ – mənim işim, mənim acılarım, mənim kədərim. Tanrı bizi qorusun”. Bu sözlər Azərbaycanın milli qəhrəmanı Yuri Kovalyovun 1990-cu ilin noyabrında anasına yazdığı məktubdandır. Göyçay rayonunun yetirməsi olan Kovalyov Qarabağ münaqişəsinin qızğın çağında hadisələrdən kənarda qala bilməzdi. O, Azərbaycanı özünün vətəni, Azərbaycan xalqını isə öz ailəsi kimi qəbul edirdi. Yuri Kovalyov həlak olanda qızı Reginanın 2 yaşı vardı, atasını yaxşı xatırlamasa da, anası və nənəsinin danışdıqları, məktubları, şəkil və şəxsi əşyaları sayəsində onu tanıyır: 
“Atam heç vaxt yadımdan çıxmır. Onun qəhrəmanlıqlarını unutmuram. Həmişə bu haqda hər kəsə danışıram. Demək olar hər bazar günü atama baş çəkirəm. Məzarına gül aparıram. Yanında oturub söhbət edirəm.  Bu, mənim üçün çox önəmlidir”. 
Yuri Kovalyov 1965-ci ildə Azərbaycanda anadan olub. Hələ uşaq vaxtından hərbçi olmağı arzulayıb. Xüsusi təyinatlı polis qüvvələrinin üzvü kimi Azərbaycan ərazilərinin işğalçılardan azad olunması işinə qoşulub, Çaykənd əməliyyatında  iştirak edib. Erməni tərəfin törətdiyi terror aktlarının baş verdiyi ərazilərə gedirdi. Yuri Kovalyov 1991-ci ilin aprelində Şuşa yaxınlığında qəzaya uğrayan helikopterin sərnişinlərinin xilasında iştirak edib. Bu haqda qardaşı Vitali Kovalyov danışır: 
“Aprel ayında qəzaya uğrayan helikopterdə çoxlu jurnalist, deputatlar vardı. Həmin an hamısı özünü itirmişdi. Yura isə komandanlığı öz əlinə aldı, bir neçə dəqiqə içində qərar vermək lazım idi. Özü də düzgün qərar vermək lazım idi. Yura hamını təşkilatlandırdı, bir yerə yığdı, bəzi adamları ordan çıxartdı. Özü ən sonuncu olaraq helikopteri tərk etdi. O, çıxan kimi helikopter uçurumdan aşağı aşdı”. 
Şuşa şəhəri 90-cı illərin əvvəllərində erməni silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal olunmuş bu şəhər və digər ərazilərin azad olunması uğrunda Azərbaycanda yaşayan digər xalq və millətlərin nmayəndələri də qan töküb. Yuri Kovalyov 1991-ci il oktyabrın əvvəlində həlak olub. O, üç döyüş yoldaşı ilə növbəti tapşırıqdan geri qayidanda Xocavənd ərazisində maşını gülləbaran edilmişdi. İki nəfər həlak olmuş, digər ikisi isə ağır yaralanmışdı 
Yuri Kovalyov qarabəniz olduğundan, ona “qara” ləqəbi vermişdilər. Görkəmindən istifadə edərək Kovalyov tez-tez düşmən tərəfə kəşfiyyata gedirdi. Erməni silahlı dəstələri onun başına pul qoymuşdular. 
Yuri Kovalyov son anına kimi Azəraycanın ərazi bütövlüyü uğrunda döyüşüb. Doğrudan da, anasına yazdığı kimi – Qarabağ onun üçün təkcə vətəndaşlıq borcu yox, həm də ağrısı, aıcıs, işi idi. 1992-ci il iyunun 5-də Yuri Kovalyova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib.


Create Account



Log In Your Account