Apr 10 2019 18:34
Views: 269

Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Şövqiyar Abdullayev anılıb. Qəhrəmanın vaxtilə təhsil aldığı universitetin müəllim və tələbə heyəti, döyüşçü yoldaşları, ailə üzvləri və dostları 50 illik yubileyində onun xatirəsini yad ediblər.

Şövqiyar Abdullayev Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirib. Azərbaycan Politexnik İnstitutunun avtomatika və kompüter texnikası fakültəsinə daxil olub. Birinci kursu başa vurandan sonra Sovet ordusunun Monqolustanda yerləşən tank qoşunları tərkibində hərbi xidmət keçib. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün təhsilini yarımçıq qoyaraq, könüllü orduya yazılıb.

Şövqiyar Abdullayev Ağdamda təşkil edilmiş tank briqadasının komandiri olub. Papravənd, Pircamal, Aranzəmin, Abdal-Gülablı, Dranbon və digər kəndlər uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. Elə bu qəhrəmanlığı onu dəfələrlə ölümlə üz-üzə qoyub.

23 yaşlı cəsur döyüşçü, kəşfiyyatçı və tank komandiri Şövqiyar Abdullayev 1992-ci il avqustun 27-də qəhrəmancasına həlak olub. 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bu gün Bakının küçələrindən biri onun adını daşıyır. Milli Qəhrəmanın 50 illik yubileyi münasibətilə təltif edildiyi order isə atasına təqdim edildi.

Tədbirdə Milli Qəhrəmanın həyatından və şəhidlik zirvəsinə ucalaraq keçdiyi qəhrəmanlıq yolundan söz açıldı. Onun döyüş yolunun gələcək nəsillərə örnək olduğu qeyd edildi.


Create Account



Log In Your Account