Jan 12 2019 19:25
Views: 256

“Ermənistan açıq şəkildə “konyak diplomatiyası”nı həyata keçirir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, eləcə də, bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır”. Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib. Bildirib ki, həmin şəxslər də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirirlər.
““Konyak diplomatiyası”nın maliyyə mənbəyini bu gün Ermənistanın kriminal rejiminin maliyyə mənbələri, eyni zamanda, Avropa ölkələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar qruplaşmaları təşkil edir. Sonra günlər Almaniya, İspaniya, Çexiya və Belçikada erməni mütəşəkkil cinayətkar qruplaşmalara qarşı cinayət işləri açılıb. Həmin cinayət şəbəkəsinin bir çox rəhbərləri Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi diplomatik pasportlarla həbs olunublar”. 
Prezident İlham Əliyev 2018-ci ildə xarici siyasətin uğurlarını da diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Hikmət Hacıyevin sözlərinə görə, ölkə başçısının ötən il xarici ölkələrə etdiyi səfərlər bunun əyani sübutudur.
 “Həmçinin Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Və dövlət başçısının qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə intensiv görüşləri əsnasında praktiki məsələlər öz həllini tapıb. Bu gün əminliklə deyə bilərik ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın bütün qonşularla mehriban əlaqələri var ki, bu da enerji, nəqliyyat layihələrinin, həmçinin ticarət əlaqələrimizin inkişafına öz töhvəsini verməkdədir”. 
Azərbaycanın ötən il qazandığı uğurlardan danışan ölkə rəhbəri qeyd edib ki,  sabitlik və təhlükəsizlik olmasa, heç bir dövlət inkişaf edə bilməz. Siyasi eskpertlərin də fikrincə, təhlükəsizlik və ictimai-siyasi sabitliyin tam təmin olunması Azərbaycanın digər sahələrdə əldə etdiyi nailiyyətlərin təməlini təşkil edir.
 “Azərbaycan bu istiqamətdə yolunu 15 il öncə müəyyənləşdirib. Elan olunan sabitlik və inkişaf kursu bu gün də özünü doğruldur. Və bu sabitlik və inkişaf kursunun təməlində Azərbaycanın milli maraqları dayanır. Və bu günə qədər həyata keçirilən layihələr, həm enerji dəhlizləri, həm də nəqliyyat dəhlizləri sahəsində layihələr sübuta yetirir ki, əgər ölkədə daxili sabitlik, Azərbaycanın təhlükəsizliyi təmin olunmasaydı, bu uğurlara imza atmaq mümkün deyildi”. 
Ekspert bildirir ki, “sabitlik və inkişaf” faktoru təkcə Azərbaycanın deyil, ölkəmizlə əməkdaşlıq edən digər region dövlətlərinin də inkişafına zəmin yaradıb. Qeyd edir ki, Azərbaycanda sabitlik eyni zamanda, Avropada enerji təhlükəsizliyə öz töhfəsini verib. Bu baxından da sabitlik və təhlükəsizlik ən mühüm amillərdən biridir.


Create Account



Log In Your Account