Aug 22 2019 18:28
Views: 243

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış alim Qulamhüseyn Əliyevin Azərbaycan və özbək dillərində çap olunan “Azərbaycan-özbək ədəbi əlaqələri” kitabı təqdim olunub. Kitabı özbək dilinə şair və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Usman Kuçkar çevirib.

Təqdimat mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, alimlər iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu tədqiqat əsərində 1920-ci ildən 1960-cı ilədək Azərbaycan-özbək ədəbi əlaqələrinin ətraflı araşdırıldığını, o dövrün ədəbi proseslərini izləyən ilk elmi iş olduğunu vurğulayıb. Azərbaycan-özbək ədəbi əlaqələrini araşdıran hər iki ölkənin tədqiqatçıları, ədəbiyyatşünasları üçün elmi-nəzəri mənbə olan bu nəşr faktiki materiallarla, təhlillərlə zəngindir.

Filoloq alim, tərcüməçi Babaxan Şərif əsər haqqında öz düşüncələrini paylaşaraq, ədəbi əlaqələrimiz haqqında danışıb, hər iki xalqın şairlərinin, yazıçılarının bir-birindən faydalandığını, özbək şairi Əlişir Nəvainin Nizami Gəncəvidən bəhrələndiyini, Azərbaycan şairi Məhəmməd Füzulinin isə Nəvaidən və digər özbək şairlərindən ilham aldığını söyləyib. Sovet dövründə də bu əlaqələr davam edib.

Kitabın tərtibçisi, “Mədəniyyət.Az” jurnalının baş redaktoru, Qulamhüseyn Əliyevin qızı Zöhrə Əliyeva nəşrin ərsəyə gəlməsində dəstəyə görə Mədəniyyət Nazirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib. O ailələrində özbək xalqına böyük hörmət və məhəbbət ruhunda tərbiyə aldıqlarını, bu ölkənin tarixinə, ədəbiyyatına, qədim mədəniyyətinə ehtiram olduğunu vurğulayıb.

Təqdimat mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə iki xalq arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair hazırlanmış “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib. Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan-özbək ədəbi əlaqələri, habelə Qulamhüseyn Əliyevin yeni çapdan çıxmış kitabının sərgisi ilə təşkil olunub.

 


Create Account



Log In Your Account