Sep 08 2018 18:31
Views: 477

Şəhrisəbz Beynəlxalq Muğam Forumu çərçivəsində keçirilən elmi-praktiki konfrans da canlı musiqisiz keçmir. İfaçı isə Azərbaycan Milli Konservatoriyasının professoru, muğamşünas alim Fəxrəddin Baxşəliyevdir. “Muğam sənəti və dünya sivilizasiyasında onun rolu” adlı konfransda azərbaycanlı alim muğam sahəsinin problemlərini canlı olaraq nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan muğamına Sovet dönəmində vurulan zərbə bəzi itkilərə səbəb olub.
Digər azərbaycanlı alimlərin çıxışları da böyük maraqla qarşılandı. Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova muğama müasir yanaşmalardan bəhs etdi. Bunu xalq artisti Alim Qasımovun ifası üzərində nümayiş etdirdi.
Lalə Hüseynovanın sözlərinə görə, indi xanəndələrin bir çoxu muğamları kompozisiya şəklində təqdim edir. Bu isə bəzən klassik muğamların unudulma təhlükəsini meydana çıxarır.
Azərbaycan muğamşünas alimlərinin fikirləri forum iştirakçılarının böyük marağına səbəb oldu. Hələ Sovet dövründən muğam sənəti ilə bağlı elmi araşdırmalar aparan əməkdar incəsnət xadimi, UNESCO-nun eksperti Sənubər Bağırova deyir ki, indiyədək heç vaxt Azərbaycan muğamı bu qədər diqqət mərkəzində olmayıb. Bunda alimlərin də üzərinə böyük iş düşür.
Muğam əsasən şərq aləminə aid sənət olsa da, indi dünyanın hər yerində ona maraq göstərənlər var. Amerikalı alim Uilyam Sumit kimi. İlk dəfə muğamı Almaniyada bir türk ailəsində eşidib, daha sonra bu sehirli musiqi ilə maraqlanmağa başlayıb. 
Muğam Uzaq Şərqə də yad deyil. Cənubi Koreyalı alimlər bildirir ki, qədim Koreya musiqisi olan qaqok elə muğamdır. Bu iki musiqi arasında olduqca çox oxşarlıq var. Qaqok da muğam kimi hər birinin öz dəst-xətti olan müxtəlif şöbələrdən ibarətdir və o da muğam kimi kübar musiqi hesab edilir.
Ümumilikdə elmi-praktiki konfransda 20-dən çox alim məruzə ilə çıxış edib. Onlar arasında Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Rusiya, hətta Çindən alimlər var. UNESCO-nun dəstəyi ilə təşkil olunan Şəhrisəbz beynəlxalq muğam forumu sentyanrın 6-dan başlayıb. Forum sentyabrın 10-da yekunlaşacaq.


Create Account



Log In Your Account