Apr 10 2019 18:32
Views: 285

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclası keçirilib. Yığıncaq AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və ölkəmizin adıçəkilən qurum yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması ilə bağlı ətraflı məlumat verib. Bununla bağlı faktlar təqdim edib.

İclasda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun ermənilər tərəfindən talan edilməsi, həmin ərazilərdə qeyri-qanuni fəaliyyət göstərilməsi pislənilib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib. Ermənistan vətəndaşlarının şikayətlərilə bağlı qərarlarda müəyyən edilib ki, bu ölkənin vətəndaşları işğal altında olan torpaqlarda hərbi xidmətdə olurlar. Çingiz Əsgərovun sözlərinə görə, Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı da Avropa Məhkəməsinə şikayət verilib.

2014-cü il iyulun 11-də yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovu Ermənistan Silahlı Qüvvələri girov götürüb. Həsən Həsənov güllələnərək öldürülüb. Dilqəm Əsgərov separatçı rejimin qurduğu qanunsuz “məhkəmə”nin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib. Hər iki kəlbəcərli girovun azad edilməsi üçün Azərbaycan dövləti və hüquq müdafiəçiləri artıq 5 ilə yaxındır ki, iş aparırlar.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun moderatorluğu ilə keçirilən panel iclasında Çingiz Əsgərovla yanaşı, Beynəlxalq Hüquq İnstitutunun üzvü, İtaliyanın Guido Carli LUİSS Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. Beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı qəbul etdiyi qətnamə və qərarlardan, beynəlxalq hüququn pozulan norma və prinsiplərindən söz açıblar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarından danışılıb. AŞPA-nın gələcək sessiyaları çərçivəsində də belə tədbirlərin təşkilinin davam etdiriləcəyi bildirilib.


Create Account



Log In Your Account