Feb 19 2018 18:23
Views: 1378

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan güləş məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yunan-roma güləşi üzrə onuncu Açıq Beynəlxalq turnirdə Rusuiya ilə yanaşı, müxtəlif ölkələrdən 300-dən çox gənc idmançı qələbə uğrunda mübarizə aparıb. Turnirin təşkilatçısı qismində Sverdlovskda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi çıxış edib. İdman yarışını Sverdlovsk vilayətinin Bədən tərbiyəsi və İdman  Nazirliyi dəstəkləyib. Dünya çempionu, Olimpiya Oyunlarının gümüş medalçısı Heydər Məmmədəliyevin şərəfinə təsis edilən mükafat uğrunda turnirin açılışı təntənəli surətdə baş tutub. 
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, SSRİ-nin əməkdar idman ustası Aleksandr Karelin və Rusiyanın İdman döyüşü federasiyasının prezidenti Mixail Mamiaşvilinin təbrikləri səsləndirilib. Sverdlovsk vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Şahin Şıxlinski bildirib ki, turnirə hazırlıq bir neçə ay öncədən başlayıb. Ənənəvi olaraq yarışlarda 14-15 yaşlı yeniyetmərlər iştirak edir. Bu döyüşlərdə qalib gəlmək  onların yeni və daha ciddi səviyyəyə keçməsinə imkan verir. “Ümid edirik ki, gələcəkdə bu uşaqlar da Heydər Məmmədəliyev kimi idman sahəsində yüksək zirvəyə qalxa biləcəklər” deyən Şahin Şıxlinski bildirib ki, bu yarışların əsas məqsədi həm də yeniyetmələr arasında idmana həvəsi artırmaqdır. Beynəlxalq turnirin açılış mərasimində “Odlar yurdu” ansamblı müxtəlif rəsqlərlə çıxış edib, sonra iştirakçıların paradı baş tutub. Yarışda ölkənin ən tanınmış atletləri hakim qismində çıxış ediblər. Eləcə də gənclərə azarkeşlik edənlər arasında tanınmış idmançılar olub.
Azərbaycanlı güləşçi Heydər Məmmədəliyevin şərəfinə Yunan-Roma güləşi üzrə beynəlxalq turnir yekaterinburq şəhərində 2009-cu ildən keçirilir. Yarış Rusiyanın idman tədbirləri arasında nüfuz qazanıb. Yubiley ilində təşkilatçılar 5 yeni nominasiya üzrə döyüş təşkil ediblər. Ümumilikdə 15 çəki kateqoriyası üzrə medallar uğrunda mübarizə aparılıb. 
Turnirdə iştirak etmək üçün gənclər bundan əvvəl şəhər və rayon üzrə seçim turlarından qalib çıxmalı olublar. Bu il beynəlxalq turnirə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan və digər dövlətlərin nümayəndələri qatılıblar. Qaliblərə qiymətli hədiyyələr – pul mükafatları medal və kuboklar təqdim olunub. 
Bağlanış mərasimində çıxış edən Heydər Məmmədəliyev yubiley turnirin yüsək səviyyədə keçdiyini deyib. Bildirib ki, bu yarış bacarıqlı gənclərin özünü ifadə etməsi üçün yaxşı imkandır. Burada çıxış edən yeniyetmələr gələcəkdə idmanda böyük uğurlar qazanacaqlar.


Create Account



Log In Your Account