Apr 29 2019 14:55
Views: 368

Pasxa bayramı pravoslav adət-ənənələrə görə ilin ən vacib hadisəsi hesab olunur. Bayram ərəfəsində minlərlə inanclı Azərbaycanın pravoslav kilsələrində toplaşıblar. Bakıdakı Müqəddəslər Jen-Mironosets Kafedral kilsəsində pravoslav xristianlar mübarək Pasxanı qeyd ediblər. Kilsədə bayram ayinini yerinə yetiriblər. Onlar moizələrə qulaq asıb, şam yandırıblar.

Pasxa xristianların ən qədim, mühüm və əziz bayramlarından biridir. Pravoslav təqviminə görə, Müqəddəs Pasxa günü – İsa Məsihin dirilməsi bayramı bu il aprelin 28-nə təsadüf edir. Ənənəyə görə, cümə axşamı səhərdən başlayaraq şirin kökələr bişirilir, axşam Pasxaya hazırlıq görülür, şənbə günü onları kilsəyə aparır, bazar gününə keçən gecə isə xristian dini məbədlərində Pasxanın başlanmasını və Məsihin Dirilməsi bayramını bildirən ibadət keçirilir.

Məsihin Dirilməsi münasibətilə Pasxa süfrəsi ətrafına toplaşan pravoslav xristianlar bir-birini boyanmış yumurtalar və şirin kökələrə qonaq edir, “Məsih dirilib!” sözləri ilə salamlayırlar.

Tolerant və multikultural ölkə olan Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin və millətlərin nümayəndələri yüz illərdir birlikdə, sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Xristianlığın tarixi isə birinci əsrə təsadüf edir. Bu gün Azərbaycanda 10 minlərlə pravoslav xristian yaşayır. Bu il isə Bakı Azərbaycan yeparxiyası 20 illiyini qeyd edir.

 

 


Create Account



Log In Your Account