Mar 26 2018 15:59
Views: 936

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdiyi kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmə həyata keçiriblər.
Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanıb, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib. Qubada aşkarlanan kütləvi məzarlıq da erməni vəhşiliklərinin sübutu oldu. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb.
31 mart soyqırımına 80 il sonra – 1998-ci il martın 26-də milli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda siyasi qiymət verilib. 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib və bu gün hər il dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyevin sərəncamı ilə Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında tədbirlər planı təsdiqlənib.


Create Account



Log In Your Account