Aug 22 2019 18:30
Views: 218

“Azərbaycan hökumətinin apardığı siyasətin əsas məqsədi ölkədə yerli istehsalı artırmaqdır. Bu mənada kənd təsərrüfatı məhsullarının artımı da prioritetdir”. Baş nazirin müavini Əli Əhmədov kənd təsərrüfatı məhsullarının satış yarmarkası və bazarlardakı vəziyyətlə tanış olarkən belə deyib. Son illər ölkədə aqrar sektorda bir sıra islahatlar həyata keçirildiyini deyən baş nazirin müavini bunun istehsal həcmində özünü göstərdiyini bildirib.

Əli Əhmədovun sözlərinə görə, istehsalın artımı ilə yanaşı, fermerlərin gəlir əldə etməsi, rifah halının yaxşılaşması da diqqət mərkəzindədir. “Azərbaycan hökuməti istehsalçıların və istehlakçılarının maraqlarının təmin edilməsi üçün tədbirlər görür” – deyən baş nazirin müavini məhsulların qiymətinin mümkün qədər aşağı olmasına çalışıldığını vurğulayıb. Buna nail olmaq üçün isə müxtəlif vasitələrdən istifadə edilir.

Baş nazirin müavini kənd təsərrüfatı məhsulları yarmarkası, “Yaşıl bazar” və supermarketlərdən birində məhsulların qiyməti ilə maraqlanıb. Satıcı və alıcılarla söhbət edib. Qiymət və xidmət səviyyəsinin fərqli olduğunu bildirən Ə. Əhmədov süni qiymət artımına qarşı mübarizə aparıldığını diqqətə çatdırıb.

Alıcı və satıcılar yarmarkada əksər məhsulların satış qiymətinin daha aşağı olduğunu bildiriblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” satış yarmarkası şəhərin bir neçə nöqtəsində həftəsonu və ya daimi fəaliyyət göstərir.

Vətəndaşların və fermerlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində yerləşən yarmarka 21-25 avqust tarixləri arasında gündəlik fəaliyyət göstərəcək. Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanında isə yarmarka şənbə-bazar günləri açıq olacaq.

 

 


Create Account



Log In Your Account