Sep 16 2019 18:17
Views: 249

“Bakı Ali Neft Məktəbi yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb.” Bunu  rektor Elmar Qasımov yeni tədris ilinin başlanması münasibətilə keçirilən təntənəli tədbirdə deyib. O, yarandığı ildən indiyədək BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb. Rektor qeyd edib ki, bu il Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Elmar Qasımov bildirib ki, bu il Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi və  Proseslərin avtomatlaşdırılması mühəndisliyi - növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisaslar olub. SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirb ki, Bakı Ali Neft Məktəbi fəaliyyət göstərdiyi qısa müddətdə dinamik inkişafı və uğurları ilə layiqli yer tutub. Qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə açılmış bu məktəb Azərbaycan tarixinin yeni dövrünün nailiyyətlərini təzahür etdirir.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində bu gün Bakı Ali Neft Məktəbi kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib. Tədbirin sonunda yeni tədris ilində BANM-ə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim edilib.

 


Create Account



Log In Your Account