Jul 26 2019 19:10
Views: 253

Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışını başa vurub. Oğlanlardan ibarət voleybol yığmamız 7-ci yer uğrunda görüşdə Almaniya kollektivinə 1:3 hesabı ilə uduzub. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi medal sıralamasına görə 3-cü pillədə qərarlaşıb. Gənclər və idman naziri Azad Rəhimov festivalın yekunlarına həsr olunan mətbuat konfransında Azərbaycan yığmasının nəticələrindən razı olduğunu qeyd edib. Son illər Avropa Gənclər Yay Festivalında millimizin az medal qazandığına diqqət çəkən nazir yarışın dogma divarlar arasında keçirilməsnin medal sayına müsbət təsir etdiyini deyib. Azərbaycan yığmasının bütün idman növlərində təmsil olunmaq imkanı olduğuna diqqət çəkən Azad Rəhimov fərqlənən idmançılara diqqətin daha da artırılacağını vurğulayıb.
Azərbaycanın Festivalı yüksək səviyyədə təşkil etdiyini deyən nazir yarışlarda iştirak edən yeniyetmə idmançıların Olimpiya çempionlarından heç də geri qalmayan peşəkarlar olduğunu qeyd edib. Festivalın əsas missiyasının gənc idmançılarının böyük nailiyyətlər üçün ruhlandırmaq, həvəsləndirmək olduğunu bildirən nazir bütün xarici qonaqların Bakıdan xoş təəssüratla ayrıldığına əmin olduğunu dilə gətirib.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb, Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını bildirib.
 “Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də olub.  Paytaxtın 12 idman obyektində yeddi gün davam edən mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayıblar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib. Festivalın bağlanış mərasimi bu gün axşam Bakı Kristal Hallda keçiriləcək.


Create Account



Log In Your Account