Oct 28 2019 18:53
Views: 375

Azərbaycan yarım əsrdən sonra Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli də olub.

Milli Internet Forumunun prezidenti Osman Gündüz deyir ki, Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi Beynəlxalq Astronavtika Federasiyasının ilk növbədə ölkəmizin kosmik sahədə olan mövcud potensilına verdiyi dəyərdir. O bildirib ki, Azərbaycan kosmik ölkədir və dünyanın kosmik resurlarının bölünməsində iştirak edir. Osman Gündüz əlavə edib ki, Beynəlxalq Astronavtika Federasiyası əməkdaşlıq üçün yaxşı platformadır.

68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyası kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndəsini bir araya gətirir.  Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri  və ən son innovasiyaları izləmək fürsəti əldə edir. Xatırladaq ki, Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü il tarixlərində keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1,500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edib.   


Create Account



Log In Your Account