May 07 2019 16:07
Views: 525

Bakı Ağ şəhər layihəsi çərçivəsində eni 80 m olan yeni prospektin layihələndirilməsinə başlanılıb. Yeni prospekt Nobel prospekti, Babək prospekti, Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti və yeni inşa olunan bulvar yolunu birləşdirəcək.

Ağ Şəhərin şərqində inşa ediləcək yeni prospektin layihələndirilməsini  “Ağ Şəhər layihəsi yol infrastrukturunun strateji inkişaf planı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparır. İlk növbədə Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılmasına hədəflənən layihə bu növ ilk prospekt olacaq. Prospekt boyunca geniş yaşıllaşdırılmış piyada səkiləri və velosiped zolaqları layihənin ümumi konsepsiyasına uyğun olaraq planlaşdırılıb.

Layihələndirilən yeni yolda Nobel və Babək prospektlərinin kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi planlaşdırılır. Bu yolla hava limanından gələn nəqliyyat vasitələri şəhərin mərkəzinə daxil olmadan “Koroğlu” və “ASK Arena” (keçmiş “Şəfa” stadionu) yaxınlığındakı yol qovşaqlarından Ağ Şəhərə əlavə və rahat keçid alacaq. Ümumilikdə, layihənin həyata keçirilməsi ilə paytaxtın mərkəzinin yüklənməsinin qarşısı alınacaq.

Layihə şəhərin mərkəzində nəqliyyatın yükünü azaltmaq, Ağ Şəhər infrastruktunun mükəmməlləşdirmək və ümumilikdə şəhərin nəqliyyat strukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını nəzərdə tutur.

Dayanıqlı və ağıllı şəhər prinsiplərinə əsasən aparılan işlər çərçivəsində yolboyu 20 metr enində yaşıllıq zolağı, piyada səkiləri, velosiped zolaqları, avtobus və taksi dayanacaqları, şərti adı “Y-15” (“Ağ Şəhər 2”) olan metro stansiyasına çıxış, ictimai parkinqlər, geriyə dönmələr, həmçinin gələcək bulvar yolu və bulvar zolağına rahat çıxışlar nəzərdə tutulub. Sakinlərin alternativ nəqliyyat vasitələrindən rahat istifadəsi üçün sözügedən yolda inşası nəzərdə tutulmuş “Ağ Şəhər 2” metro stansiyasına, yeraltı piyada yollarına, eləcə də taksi və avtobus dayanacaqlarına keçidlər planlaşdırılıb. Hazırda Nobel prospekti boyunca Zığ şosesinə qədər olan ərazilərin Ağ Şəhər layihəsilə uzlaşdırılması işləri Ağ Şəhər mütəxəssisləri ilə birlikdə Böyük Britaniyanın Atkins Global şirkəti tərəfindən aparılır. Bu işlərin aparılmasına bir çox ölkələrdən təcrübəli məsləhətçi şirkətlər də cəlb olunub.

“Bakı Ağ Şəhər” layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Layihə ekoloji yönümlülüyü, davamlılığı və bütövlüyü ilə seçilərək beynəlxalq mütəxəssislər tərəfindən ən iri miqyaslı şəhərsalma layihələrindən biri kimi qəbul olunub. “Ağ Şəhər” layihəsi müxtəlif beynəlxalq müsabiqələrdə “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafatlara layiq görülüb.


Create Account



Log In Your Account