Nov 15 2019 17:54
Views: 121

100 il öncə cəmi 2 fakültə və 1000-dən çox tələbə ilə fəaliyyətə başlayan BDU 100 il sonra bu gün 22 minlik tələbə və müəllim kollektivi ilə Azərbaycanın əsas elm məbədinə çevrilib.

Bu gün müsəlman Şərqində yeni tipli ilk ali məktəb olan Bakı Dövlət Universitetinin 100 yaşı tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bakıda universitet təsis edilməsi qərarına əsasən yaradılan universitetdə 1919-cu il noyabrın 15-də ilk dərs günü olub.

Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Razumovski idi. Azərbaycanın ilk maarif ocağı olan universitet Xalq Cümhuriyyətinin süqutu ilə mürəkkəb bir dövrə daxil olur, əməkdaşları təzyiqlərə məruz qalır, bir neçə dəfə adı dəyişdirilir. Amma bütün sərt tədbirlərə və məhdudiyyətlərə baxmayaraq, universitet öz şərəfli missiyasını davam etdirir.

BDU-nun müəllimləri olan ziyalılar Azərbaycanda milli azadlıq hərəkatının yaranmasında, xalqımızın milli-mənəvi şüurunun inkişafında mühüm rol oynayıb. Repressiya illəri və İkinci dünya müharibəsi zamanı universiteti inkişaf etdirmək istəyən müəllimlərin səyləri ilə bir neçə yeni fakültə və ixtisas açılıb, kafedra və laboratoriyalar təşkil olunub. Universitet yarandığı ilk günlərdən yalnız tədrislə deyil, həm də tədqiqat işləri ilə məşğul olub.

Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, heç şübhəsiz, milli lider, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. BDU-nu “Azərbaycan xalqının milli sərvəti” adlandıran Heydər Əliyev burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə həssas yanaşıb. 

Müstəqilliyin ilk illəri Azərbaycanın, o cümlədən universitetin həyatında qarışıqlıq, mürəkkəb şəraitlə yadda qalsa da, Bakı Dövlət Universiteti milli təhsil sisteminin formalaşmasında xüsusi rol oynayıb.

Bu gün də Azərbaycandakı ali təhsil ocaqları arasında liderliyini qoruyan Bakı Dövlət Universiteti 100 illik yubileyini yeni uğurlarla qarşılayır.


Create Account



Log In Your Account