May 06 2019 18:10
Views: 325

Artıq 4-cü dəfə təşkil olunan Bakı marafonu bu dəfə də həm həvəskar, həm də peşəkar idmançıları bir araya gətirib. Bəziləri üçün əsas hədəf qələbə olsa da, çoxları üçün önəmli olan iştirak və müəyyən olunan məsafəni qət etməkdir.  “Küləyə qalib gəl” şüarı altında təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edib.

Bakı Marafonunun əsas  prinsiplərindən biri inklüzivlikdir. Yürüşə ilk olaraq fiziki məhdudiyyətli uşaqlar start verib, daha sonra paralimpiyaçılar, Qarabağ müharibəsi əlilləri marafona qoşulub. Onların ardınca minlərlə insan Bayraq Meydanından finişə doğru hərəkətə başlayıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Bakı Marafonuna qatılanların sayı ilbəil artır. Bu il marafonda iştirak üçün qeydiyyatdan keçənlərin sayı 22 mini keçib. İdman bayramı yalnız Azərbaycan vətəndaşlarını deyil, bir çox xarici ölkələrdən insanları da bir araya gətirib.

Bu ilin əsas yeniliyi hər bir marafon iştirakçısının nömrəsinə  xüsusi çipin bərkidilməsidir. Bu çip bütün marşrut boyu iştirakçının yeri barədə məlumat verir. Xüsusi proqramı yükləməklə hər bir iştirakçı qət olunan məsafə, orta sürət və özünün finiş xəttindəki yerini öyrənə bilər.

Bakı Marafonu 2019-da kişilər arasında uqandalı İsmail Ssenyange finişə birinci çatıb. İkinci və üçüncü yerin sahibi isə müvafiq olaraq İran və Azərbaycandan olan idmançılar olub. 

Qadınlar arasında da qaliblər müxtəlif ölkələrin təmsilçiləri olub.

Qaliblərə medallar və pul mükafatları təqdim olunub. Amma yalnız ilk yerlərin sahibləri deyil, finiş xəttini keçən ilk 1000 iştirakçı “Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif edilib.

“Bakı Marafonu-2019”dan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.


Create Account



Log In Your Account