Nov 08 2019 19:12
Views: 119

Bakını təkcə yerüstündə deyil, yerin altında da izləmək maraqlıdır. Tam əminliklə demək olar ki, paytaxtın alt qatında özünəməxsus qaydaları, həyat ritmi olan bir məkan gizlənir. Bakı metropoliteninin tikintisi hələ 1932-ci ildə hazırlanan Bakının İnkişafı üzrə Baş Planda yer almışdı. Lakin yeraltı qatarlar yalnız 1967-ci ildə işə düşə bildi. Bu gün metro işçiləri özlərinin peşə bayramını qeyd edirlər. 
 “O vaxt üç növbəli işləyirdik, çox gərgin iş qrafiki olas da, böyük həvəslə çalışırdıq”. Bakı metrosunun tikintisində iştirak edən Zeynalabdin Musayev həmin illəri belə xatırlayır. Onun sözlərinə görə, tikinti işləri xüsusi mürəkkəb hidrogeoloji şərtlər altında aparılırdı. Ona görə də çox işi əllə görmək lazım gəlirdi. 
Tikinti işçilərinin verdiyi zəhmət və gərgin əmək yerdə qalmadı. 1967-ci il noyabrın 6-da Bakı metropoliteni fəaliyyətə hazır oldu. Noyabrın 25-də isə artıq müntəzəm sərnişin daşımalarına başlanıldı. Metronun 5 stansiyadan ibarət birinci hissəsi istifadəyə verilmişdi. O vaxt həmin stansiyalar – “Bakı soveti”, “26 Bakı komissarı”, “28 Aprel”, “Gənclik” və “Nərimanov” adlanırdı. Bakı metropoliteninin ilk maşinisti Salman Ələkbərov olub. Onun oğlu Eldar atasının işinə çox məsuliyyətlə və ciddi yanaşdığını deyir. 
Bu gün Bakı metrosu üç xətdən və 25 stansiyadan ibarət böyük bir yeraltı şəbəkədir. Hər gün təxminən metrodan 600 min sərnişin istifadə edir. Metropolitenin inkişaf planına görə, mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən Zığa qədər, bənövşəyi xətt Xocasəndən Qaraçuxura, mavi xətt isə Yeni Yasamaldan Bakıxanova qədər uzadılacaq. Metronun sarı xətti Binəqədi rayonundan Bayıla qədər çəkilcək. Gələcəkdə Bakı metropoliteninin yaşıl xəttinin dairəvi olması planlaşdırılır.  
Əgər əvvəllər bir metro stansiyasının inşası  5-6 il çəkirdisə, indi bu işi 3 ilə tamamlamaq mümkündür. Çünki tikintidə yeni texnika və müasir avadanlıqlardan istifadə olunur. Plandakı işləri vaxtında görmək mümkün olsa, onda qsa müddət sonra Bakı metropoliteni hər bir şəhər sakininin evinin yaxınlığında olacaq.  

 


Create Account



Log In Your Account