Feb 04 2019 14:02
Views: 303

2018-ci ildə   Bakı  Beynəlxalq Dəniz Ticarəti Limanında aşırılan yüklərin ümumi həcmi 3.8 milyon ton olub. Bu yüklərin də 80 faizi tranzitin payına düşüb.

Ötən il əsas artım konteynerlərdə qeydə alınıb.  Belə ki il ərzində  Liman vasitəsilə 22 min 886 konteyner daşınıb. Bu da 2017-ci illə müqayisədə 49 faiz çoxdur. Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Azərbaycanı qərblə, cənubla və şimalla birləşdirən nəqliyyat qovşağıdır. Hazırda limanda birinci fazaya əsasən  RO-RO və Bərə terminalları   tam gücü ilə fəaliyyət göstərir.

Limanda 12  körpü xidmət göstərir. Bunlardan 7-si ümumi yüklər üçün nəzərdə tutulub.  Limanda dəmiryolu xətləri, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, körpülərə dəmir və avtomobil yol yanaşmaları, yük maşınlarının dayanacaq sahəsi də mövcuddur. Bununla yanaşı, ümumi ərazisi 5000 kvadrat metr olan yük terminalı da xidmət göstərir .Ümumi yüklərin saxlanması üçün 2 qapalı anbar açıq saxlama sahəsi, konteyner meydançası da fəaliyyət göstərir .

Liman ərazisinin yük terminalında 2 ədad 80 tonluq, 2 ədəd 40 tonluq və 2 ədəd 32 tonluq kran quraşdırılıb. Həmin kranlar vasitəsilə yük avtomobillərindən, vaqonlardan və gəmilərdən yüklərin boşaldılması və yüklənməsi həyata keçirilir. Eyni zamanda, ümumi yük terminalında uzunluğu 650 metrə çatan 4 yük körpüsü inşa edilib. Həmin körpülərdə yüklərin boşaldılması və yüklənməsi həyata keçirilir

Ötən il sərnişin daşınmasında da xüsusi artım müşahidə olunub. Belə ki, 2018-ci ildə son 20 ilin rekordu qeydə alınıb. Bakı dəniz vağzalından 45 mininci sərnişin qarşılanıb və yola salınıb. Gələcək illərdə Bakı  Beynəlxalq  Dəniz Ticarəti Limanında sərnişindaşıma da həyata keçiriləcək.

Bu gün Bakı Limanı Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Mərkəzi Avrasiyanın əsas nəqliyyat qovşağı kimi çıxış edir. Gələcəkdə limanın potensialı nəzərə alınaraq  yüklərin həcminin artırılması da nəzərdə tutulub.

Bakı Beynəlxalq  Dəniz Ticarəti Limanında Yaşıl liman konseptinə uyğun olaraq 3 qurğu quraşdırılıb. Bu qurğular əsasən yağış suları nəticəsində yaranan səth sularının, gəmilərdən atılan neftlə çirklənmiş suların və məişət çirkab sularının təmizlənməsi üçün istifadə olunur. Limanda Azad Ticarət Zonasının yaradılması istiqamətində də işlər aparılır.

 


Create Account



Log In Your Account