Apr 29 2019 19:03
Views: 992

Formula 1 üzrə builki SOCAR Azərbaycan qran-prisi dünya çempionatının ən çox ötmə baş verən yarışı kimi yadda qaldı. Geridə qalan 3 yarışdan fərqli olaraq SOCAR Azərbaycan Qran-Prisi ən maraqlı mərhələ hesab olunur. Formula-1 yarışlarının şərhçisi Rəhim Əliyev bu fikirdədir. Onun sözlərinə görə, təkcə ilk cərgələrdə, liderlər arasında deyil, eləcə də orta, hətta arxa qrupda belə kifayət qədər gərgin mübarizə gedib.

Ən sürətli yarışlar kateqoriyasına daxil olan Bakı trekində bu il də maraqlı, eyni zamanda təhlükəli anlar yaşandı.“Ferrari”nin pilotu Şarl Lekler trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik baryerinə çırpıldı. Sıralama turunda “Williams” komandasının pilotu Robert Kubitsa da eyni qəzanı törətdi. Daha bir qəza isə həmin komandanın pilotu Corc Rasselldə qeydə alındı. Pilotun bolidi drenaj lyukuna ilişirək qəzaya uğradı. 

“Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisində 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurdu. Onun komanda yoldaşı, ötənilki Bakı Qran-Prisinin qalibi Luis Hamilton ikinci oldu. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamladı. “Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurdu.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində “Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə “Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb. Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir. Yarış həm də Azərbaycanın dövlət himninin qeyri-adi ifası ilə yadda qaldı. Dövlət himninin tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında, muğam və klassik üslublarda ifası xüsusi maraqla qarşılanıb. 


Create Account



Log In Your Account