Jan 24 2020 18:23
Views: 695

Festivalda qəhvə və çayın istehsalı, idxalı ilə məşğul olan 30-dan artıq yerli və xarici şirkətlərin məhsulları nümayiş etdirilir. Müxtəlif üsullarla dəmlənən kofelər festivalı ziyarət edən hər kəsin marağına səbəb olub. Kofe mədəniyyəti ilə tanınan ölkələrin stendləri qarşısında uzun növbələr yaranıb. Kolumbiya qəhvəsini tanıdan isə bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiridir. İştirakçılar sırasında Azərbaycanda yeni inkişaf edən qəhvə biznesinə investisiya yatırmaq istəyənlər az deyil. Bu tədbirin yerli şirkətlərlə əlaqələrin yaradılması baxımından da əhəmiyyətli olduğu vurğulanıb. Təşkilatçılar deyir ki, 2-ci ildir keçirilən festivalın əsas məqsədlərindən biri müxtəlif ölkə və xalqların kofe mədəniyyətinin tanıdılmasıdır. Həm də peşəkar kofe ustalarının aşkara çıxarılaraq Azərbaycanı bu kimi beynəlxalq tədbirlərdə təmsil etməsinə nail olmaqdır. Festival günlərində barista üzrə milli çempionatların, seminar və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, ötən il festivalı 10 mindən artıq insan ziyarət edib. Təşkilatçılar 3 gün davam edəcək festivalın ziyarətçilərinin sayının bu il daha da artacağını gözləyir.


Create Account



Log In Your Account