Mar 05 2019 18:14
Views: 210

Bakının tarixi mərkəzi əsasında xüsusi vahid ərazinin yaradılması təklif olunur. Əsas məqsəd müasir paytaxtın tarixi mərkəzinin qorunub saxlanılması və dəqiq sərhədlərinin müəyyənləşdirilməsidir.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdə bu təklifi Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə səsləndirib.  Bakının tarixi mərkəzini əhatə edəcək ərazi vahidinin yaradılmasınının zəruriliyindən danışan sədr bildirib ki, şəhərin tarixi mərkəzinin dörd inzibati rayonun arasında bölünməsi şəhərsalmaya müxtəlif baxışların olması deməkdir. Prezident İlham Əliyev təklifi müsbət qarşılayıb və dəstəkləyib. “Bakının tarixi binalarının bərpası ilə bağlı çox həssas iş aparmalıyıq”- deyən dövlət başçısı bu məsələnin təhlili və gələcək addımlar  üçün göstəriş verib. 

Artıq Azərbaycan Memarlar İttifaqı bu istiqamətdə fəaliyyətə başlayıb. İlkin olaraq ölkənin aparıcı memarlarının iştirakı ilə müzakirələr keçirilib və layihələrin hazırlanması üçün tapşırıqlar verilib. Qurumun sosial-iqtisadi inkişaf uzrə komissiyanın sədri Zaur Qurbanəliyev CBC-yə müsahibəsində bildirib ki, bu məsələ ittifaqda uzun müddətdir gündəmdədir.  gələcək addımların müəyyənləşdirilməsi üçün yol xəritəsinin hazırlanmasına ehtiyac var və mütəxəssislərin cəlb olunması önəmlidir. Onun sözlərinə görə, yeni yaradılacaq inzibati rayon xüsusi statusa malik olacaq. Bakıda artıq bunun nümunəsini Bakı Dənizkənarı Bulvar İdarəsi və İçərişəhər tarixi memarlıq qoruğunun timsalında görmək mümkündür.

Paytaxtda tarixi binaların bərpa olunduğuna diqqət çəkən memar mərkəzi rayonun yaradılmasında beynəlxalq təcrübədən yararlanmasının önəmini qeyd edib.

Bakının tarixi mərkəzinin bir neçə rayon ərazisində bölüşdürülməsinin böyük şəhərin inkişafına mane olduğunu düşünənlər təkcə memarlar deyil. Əslən bakılı olan rəssam Mirteymur Məmmədov hesab edir ki, bu məsələ çox sürətli inkişaf mərhələsinə qədəm qoyan şəhər üçün önəmlidir. Onun sözlərinə görə, artıq müəyyən mənada tarixi ərazi olan Nizami metrostansiyası ətrafında hündürmərtəbəli şüşəli və beton binaların tikilməsinə qadağaların qoyulması lazımdır.

Mütəxəssislər bildirir ki, yeni binaların tikintisini tarixi mərkəzdə deyil, sənaye mərkəzi olaraq yaradılacaq rayonda aparmaq mərkəzi hissənin yükünü azaltmaqla yanaşı, şəhərin bu hissəsində nəqliyyat sıxlığını da azaldar. Qeyd edək ki, indi Bakının tarixi mərkəzi Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları olmaqla ümumilikdə dörd inzibati rayonun ərazisində yerləşir.

 


Create Account



Log In Your Account