Mar 27 2019 18:08
Views: 517

Bakı Metropoliteninin yeganə yerüstü stansiyası “Bakmil”də 2 ildir davam edən əsaslı təmir və yenidənqurma işləri tam başa çatdırılıb. Stansiya yenilənmiş infrastrukturu və görkəmi ilə sərnişinləri yenidən qəbul etməyə başlayıb.

Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da beynəlxalq standartlara cavab verir.

Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub.

Bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb. Stansiyanın ətrafında da abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Qeyd edək ki, 1970-ci ildə açılan  və 9 il "Nərimanov" elektrik deposunun platforması olun “Bakmil” 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Uzunmüddətli istismar, həmçinin açıq hava şəraiti stansiyanın yenidənqurulmasını zəruri edib. Bu səbəbdən də 2017-ci ilin avqustunda başlayan əsaslı təmir işləri ilə əlaqədar ötən ilin avqustundan günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Ötən gün prezident İlham Əliyev görülən işlərlə yerində tanış olub. Martın 28-də 40  yaşını qeyd edəcək stansiya istismarı tarixində ilk dəfə əsaslı təmir və yenidənqurulma işlərindən sonra Bakı sakinlərinin istifadəsinə verilib.


Create Account



Log In Your Account