Sep 28 2019 19:19
Views: 269

Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası öz işinə başlayıb. Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində açılan yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, hər arıçıya 400 kq məhsul satışa çıxarmağa icazə verilib. Satışa çıxarılan balın ümumi həcmi 123 tondur. Qida Təhlükəsizliyi Agentliyi  yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürürək, laboratoriya şəraitində yoxlayır. Təxminən 14%-dək keyfiyyət standartlarına uyğun olmayan məhsul satışdan kənarlaşdırılıb. Ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır.
İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə həyata keçirilib. Növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır.
Hələ qədim zamanlardan bal ən faydalı məhsullardan hesab olunur. Dəmirlə zəngin olan bal bir çox xəstəliklər zamanı əsl dərman rolunu oynayır. Məhz zəngin tərkibinə görə onu “min bir dərdin dərmanı” adlandırırlar. Elə yarmarkada da sözün əsl mənasında, hər dərdə dərman olan bal növləri satışa çıxarılıb. Satış-yarmarkada arı südü, mumu, çiçək tozu, pətək və sair arıçılıq məhsullarına da rast gəlinir. Baldan kosmetik vasitə kimi də istifadə olunur.
Hər il ənənəvi olaraq keçirilən bal satış-yarmarkası bu il də alıcıların marağına səbəb olub.
 “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarmarka oktyabrın 18-dək davam edəcək. Paytaxt sakinlərinin rahatlığını təmin etmək məqsədilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Alıcılar oktyabrın 5-dən bal.kendden.az saytına daxil olaraq bal məhsullarını sifariş edə biləcəklər.


Create Account



Log In Your Account