Mar 08 2019 16:20
Views: 930

Zəhra Qasımzadə... Onun adı indiyədək çoxlarına məlum olmasa da, müəlliflərindən biri olan layihə artıq dünyada tanınır. Zərifə Əliyeva  adına litseydə 10-cu sinifdə oxuyan Zəhranın yaşıdı Reyhan Camalova ilə birgə hazırladığı “Rainergy” layihəsi beynəlxalq sammitdə ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın da diqqətini cəlb edib. 
Layihənin mühəndis tərtibatına cavabdeh olan Zəhra ötən il Azərbaycanda 9-10-cu sinif şagirdləri arasında  keçirilən “Sabahın alimləri” yarışmasında çox uğurla çıxış edib. Deyir ki, qlobal aləmdə tanınsa da, məhz bu yarışmadan sonra yaşıdlarının əsl dəstəyini hiss edib. Bu da Azərbaycanı xaricdə təmsil etməyə hazırlaşan məktəbli üçün əlavə məsuliyyətdir.
İndi layihə üzərində çalışan Zərha artıq 3-cü prototipin hazır olduğunu deyir. İlk prototipi 3 LED lampanı işıqlandırıb. Layihə hətta iqtisadi-sosial səmərəli layihə kimi “Forbes” jurnalına da düşüb. Artıq Azərbaycanda da kifayət qədər tanınan layihəni İslam İnkişaf Bankı da dəstəkləyib. 2018-ci ildə ilk dəfə keçirilən “Transform found” yarışmasında 1572 layihə içərisində ilk 32 layihə sırasına daxil olub. 
Bu yaşda uğurlu olmağın sirrindən danışan Zəhra deyir ki, ən əsası zamanını düzgün bölüşdürməkdir.
Zəhra deyir ki, qızların uğurlu, lider kimi yetişməsi ilk növbədə onun düşdüyü mühitdən asılıdır. Bu baxımdan özünü şanslı hesab edir. Çünki hələ kiçik ikən atası onu sahibkarlıq, biznes, eləcə də startap layihələri ilə bağlı tədbirlərə aparırmış, lakin sonradan özünün də marağı artdığından, özünün inkişafı üçün durmadan çalışmağın önəmli olduğunu düşünür.
Məktəbli olmasına baxmayaraq artıq yaşıdları arasında lider kimi qəbul olunan Zəhra öz layihəsi, ideyası olan hər kəsə yardım etməyə çalışır. Deyir ki, əsas məsələ özünə inamdır və heç nəyə baxmayaraq qarşına qoyduğun məqsədə doğru addımlamaqdır. “Uğursuzluqlar səni yolundan döndərməməlidir” deyən Zəhra mükəmməl biznesyönümlü təhsil almaq istəyir. Bununla belə startap layihələri ilə hər zaman məşğul olacağını da deyir. Onun sözlərinə görə, Zərifə Əliyeva adına liseyi seçməyinin səbəbi burada hərtərəfli inkişaf üçün heç bir sərhədin qoyulmamasıdır.

 


Create Account



Log In Your Account