May 11 2019 16:47
Views: 481

İsmayıllı rayonunda yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni inkişaf konsepsiyasının qəbul olunmasının  böyük tarixi əhəmiyyəti var.  Bunu CBC-yə müsahibəsində İsmayıllı icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruğun yenidən qurulması 2018-2023-cü illəri əhatə edəcək. 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Birinci mərhələ Basqal və onu əhatə 10 kənd arasında mövcud yolların, ikinci mərhələ tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpasını və digər infrastruktur şəraitinin yaradılmasını nəzərdə tutulur.  
Böyük İpək Yolunun üzərində yerləşən Basqal özünəməxsus infrastrukturu, təbiəti, tarixi, maddi və mənəvi mədəni irsi ilə ölkənin əsas turizm məkanlarından biri kimi tanınır.   Ötən il İsmayıllıya 100 mindən artıq turist gəlib ki, bunun da yarıya qədəri xarici turistlərdir. Yeni inkişaf konsepsiyası həm də bölgəyə turist axınını artırmağı hədəfləyib. Artıq bu istiqamətdə  fəaliyyətə  başlanılıb. Böyük turizm istirahət mərkəzinin tikintisinə start verilib və yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulub.  Bu məqsədlə dövlət büdcəsindən vəsait də ayrılıb.
Layihənin üçüncü mərhələsində kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası, turistlərə tanıdılması, həmçinin sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub. Mərkəzi meydanın bərpası və əsas turizm mərkəzinə çevrilməsini əhatə edəcək 4-cü mərhələdə isə əsas məqsəd ərazini yerli əhalinin, xüsusilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir.
Layihənin 5-ci mərhələsi tullantıların idarə edilməsi sisteminin yaradılması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmiri, qəsəbədə bankomat və ödəniş terminallarının quraşdırılması, icma üçün tədbirlər evinin, uşaq meydançasının inşası kimi tədbirləri əhatə edəcək.Qeyd edək ki, prezident İlham Əliyev 2018-ci il oktyabrın 3-də “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı yeni konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlamalıdır. Ötən həftə agentlik yeni konsepsiyanı qəbul  edib. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb.


Create Account



Log In Your Account