Feb 16 2019 18:22
Views: 425

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları start götürüb.  Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə daha bir idman bayramının start götürdüyünü bildirib. Dünyanın ən güclü gimnastlarının Bakıda toplaşdıqlarını deyən nazir müavini Azərbaycanın idmanın bütün növləri üzrə mötəbər yarışları ən yüksək səviyyədə keçirməyə qadir olduğunu qeyd edib.  turnirdə Azərbaycanı beş idmançı təmsil edir. Qadınlar arasında batut yarışlarında fərdi proqramda sonuncu Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparırlar.
İlk gün tamblinq üzrə təsnifat mərhələsində ilk səkkiz yeri tutan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar. Azərbaycan gimnastı Mixail Malkin 74,9 xal qazanaraq final mərhələsinə yüksəlib. O, bu xalla təsnifat mərhələsində ikinci yeri tutaraq finalda yarışmaq hüququ əldə edib. Mixail üçün doğma divarlar arxasında çıxış etmək böyük məsuliyyət deməkdir.
Yarışlarda 30 ölkədən 160-dan çox gimnast mübarizə aparır. Onların sırasında ötən il Bakıda keçirilən Avropa Çempionatının mükafatçıları da var. Təsnifat mərhələsindən finala birinci yerdə çıxan rusiyalı idmançı Vadim Afanasyev məhz Bakıda dünya rekordunu təzələməyə hazırlaşır. 2016-cı ilin olimpiya çempionu Vladislav Qonçarov isə Azərbaycan Milli Gimnastika Arenasında rəqabət ruhunun yüksək olduğunu deyir.
İştirakçı ölkələrin nümayəndələri turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Azərbaycanın bu sahədə təcrübəsinin qiymətli olduğunu vurğulayırlar.
İki gün davam edəcək yarışların birinci günündə təsnifat mərhələləri, ikinci günündə isə saat 12:00-dan etibarən final mərhələləri keçiriləcək.Yarışlarda uğur qazananlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xalları da qazanacaq.


Create Account



Log In Your Account