Feb 04 2019 14:04
Views: 276

Belarus İkinci Avropa Oyunlarının hazırlıq prosesində Azərbaycanın təcrübəsindən yararlanır. 2019-cu il “II Avropa Oyunları Direktoratı” fondunun direktor müavini Anatoliy Kotov CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, rəsmi Minsk Azərbaycanın rolunu yüksək qiymətləndirir. Onun sözlərinə görə, ilk günlərdən II Avropa Oyunlarının komandasının formalaşmasında azərbaycanlı həmkarlarının məsləhət və təcrübəsindən geniş istifadə olunub.

Azərbaycan Avropa Oyunlarının standartlarını yaradan ölkədir. Oyunların keçirilməsində mühüm əhəmiyyət kəsb edən sənədlər də məhz Azərbaycanda yazılıb. Bunları nəzərə alaraq II Avropa Oyunlarının Direktoratı azərbaycanlı gəncləri Belarusa dəvət edib. Onlar “Minsk 2019”da həm əməliyyat işləri ilə məşğul olur, həm də təşkilati baxımından yardım göstərirlər.

“II Avropa Oyunları Direktoratı” fondunun rəsmisi Anatoliy Kotov bildirib ki, bu günə olan məlumata görə oyunlar 110 ölkədə canlı yayımlanacaq. Amma ölkələrin sayının 160-a çatacağı gözlənilir. 

Anatoliy Kotov bildirib ki, Avropa Olimpiya ailəsinə daxil olan 50 ölkənin idmançıları yarışlarda iştirak etmək üçün Belarusa gələcək. Paytaxt artıq qonaqları və idmançıları qəbul etməyə hazırdır. 21-30 iyun tarixlərində Minskdəki 12 idman obyektində keçiriləcək oyunlarda 4000-dən çox idmançı 15 idman növü üzrə yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ilin iyununda  Bakıda təşkil olunub. Ölkəmizin təşkilatçılığı və yarışlara ev sahibliyini beynəlxalq idman ictimaiyyəti yüksək qiymətləndirib.


Create Account



Log In Your Account