Oct 01 2019 17:45
Views: 282

Yaşlı insanlar uşaq kimi kövrək, yumşaq qəlbli olurlar. Onların dəbdəbəli həyata, bahalı hədiyyələrə deyil, sadəcə nəvazişə, gülər üzə və xoş rəftara ehtiyacları var. Elə bu səbəbdən də BMT Baş Məclisi 1992-ci ildə qocaların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Bu gün bütün dünyanın diqqəti yaşlı insanlara, onların qayğı və sosial problemlərinə yönəlir. Sona Rəhimbəyova da bu günü qonaqlı-qaralı qeyd edir. 86 yaşı olmasına baxmayaraq, həyat doludur. Müharibə və Əmək Əlilləri üçün pansionatda yaşayan Sona xanım ona yaradılan şəraitdən, ətrafdakıların sevgisindən razılıq edir.
Sona xanım Bakıda anadan olub, orta məktəbi, institut illərini burada keçirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. 80 yaşınadək Milli Elmlər Akademiyasının Coğrafiya institutunda çalışıb. Qızı və nəvəsi xaricə köçəndən sonra tək qalmamaqdan ötrü “Qocalar Evi”nə sığınıb. 3 ildir burada yaşayan Sona xanım mehriban xasiyyəti ilə hər kəsin sevimlisinə çevirilib.
Azərbaycanda yaşlı insanlara diqqət və qayğı həm xalqın milli dəyərlərinin, həm də dövlətin sosial siyasətinin ayrılmaz hissəsidir. 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” qanun qəbul edilib. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə burada daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bu istiqamətdə gördüyü işlərdən biri də, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı “DOST” mərkəzində həyata keçirilən “Gümüşü Könüllü” proqramıdır. Proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək verir. Burada gənclərlə yanaşı, yaşlı nəsil də könüllü kimi fəaliyyət göstərir.
Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm işlər görülür. Pensiya təminatı ahıl vətəndaşların sosial müdafiəsində xüsusi yer tutur. Respublikada hazırda 1 milyon 300 min pensiyaçıdan  700 minə yaxını yaşa görə pensiya alanlardır. Əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri də dövlət qayğısı ilə əhatə olunub.
Yaşlı insanların, ahılların qayğısına qalmaq, onlara dəstək olmaq hər kəsin mənəvi borcudur. Ömrünün uzun ilini geridə qoyan bu insanları sevgi ilə əhatə etmək, nəvaziş göstərmək onlar üçün böyük təsəllidir.


Create Account



Log In Your Account